BAKI, 22 noyabr — Sputnik. Almaniya parlamentində türkləri qəzəbləndirən hadisə yaşanıb. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, ölkənin solçularını təmsil edən millət vəkili Sevim Dağdələn Federal Məclisdəki çıxışı zamanı PKK-nın Suriyadakı qolu olan YPG bayrağını açıb. Deputat YPG haqda alman vəkillərə məlumat verib və terrorçuları tərifləyib.
Lakin daha sonra məclisin spikeri Volfqanq Şubel Sevim Dağdələnin sözünü kəsərək, onun çıxışına mane olub.
S.Dağdələndən sonra kürsüyə çıxan Almaniyanın xarici işlər naziri Siqmar Qabriel isə PKK və onun qolu YPG-ni sərt tənqid edib. O, PKK tərəfdarlarının Almaniyada narkotik satışı və insan alveri ilə məşğul olduğunu, obyekt sahiblərini şantaj edərək onlardan qanunsuz xərac topladığını deyib. "Onların Almaniyadakı fəaliyyətləri ciddi nəzarətə alınmalıdır. Polisin PKK tərəfdarlarına sərt müdaxiləsi qanunidir" — nazir deyib.