BAKI, 22 noyabr — Sputnik. "Azərbaycanda polis müstəntiqlərinin sayı mütləq artırılmalıdır. Çünki araşdırma zamanı məlum olur ki, Daxili İşlər Nazirliyinin tabeçiliyində olan polis müstəntiqlərinin icraatında 20-25 arası material və cinayət işi var. Burada işin obyektivliyindən, sürətindən, keyfiyyətindən söhbət açmaqda çətinlik çəkirik".
Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Çingiz Qənizadə parlamentdə dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, ona görə də məhz Bakı, Sumqayıt, Gəncə şəhərlərində bu sahəyə ayırmalar nəzərədə tutulmalıdır ki, hər bir rayonda heç olmazsa müstəntiqin sayı 2-3 nəfər artırılsın və beləliklə, bu işin həcminin yükü nisbətən azalmış hesab olunsun.
Millət vəkili bildirib ki, büdcəyə daxilolmaların müxtəlif yollarını fikirləşməliyik: "Vergi xidməti vasitəsilə büdcənin doldurulması üçün göstərilən prinsiplər heç vaxt dayanıqlı və müsbət nəticələrə gətirib çıxara bilməz. Müxtəlif sahələrdə vergi azadolmalarını tətbiq etmişik. Bəzən sual verirlər ki, bizim bəzi iş adamları niyə Gürcüstana iş qurmağa gedirlər? Niyə biz iş adamlarının Gürcüstana üz tutmasının səbəbini araşdırmırıq? Nəyə görə Gürcüstanın vergi siyasəti ilə bağlı modelini Azərbaycana tətbiq edə bilmirik? Bilmək istərdim ki, hökumət, müəyyən qurumlar şəhərlərdə və rayonlarda araşdırma aparıblarmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb? Burada söhbət vergi təzyiqlərindən gedir. Bəlkə biz daha az iş yeri, daha çox vergi siyasətindən əl çəkərək, daha çox iş yeri və daha az vergi siyasətinə keçək".
Millət vəkili həmçinin, bazara nəzarət etmək, xüsusilə bazarda qiymətlərin qalxmasının qarşısını almaq üçün addımların atılmasını təklif edib.