BAKI, 22 noyabr — Sputnik. Qaradağ rayonunun Lökbatan qəsəbəsində qətl hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Noyabrın 21-dən 22-ə keçən gecə İsgəndər Hüseynov, kirayə qaldığı mənzildə şəriki İlqar Mirzəyevə çoxsaylı bıçaq yaraları yetirib. Polis əməkdaşları sonradan cəsədin üzərində səkkiz yara saysalar da, onlardan yalnız boğaz nahiyəsinə vurulan zərbə ölümcül olub.
Hüseynov Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi qaldırılıb.
İlkin araşdırma nəticəsində qatil və qurbanın Bərdə rayonundan olduqları, hətta qonşuluqda yaşadıqları və dost olduqları aydınlaşıb. Bakıya elə həmin gün (noyabrın 21-i) birlikdə iş üçün gələn dostlar mübahisə ediblər. Mübahisədən öncə isə xeyli spirtli içki qəbul ediblər və mübahisə sonda qətlə gətirib çıxarıb.
Dostlar bir-birini təhqir etməyə başlayıb və nəhayət İsgəndər dözməyib bıçağa əl atıb. Onun dediyinə görə, dostunu sakitləşdirməyə çalışsa da, bu, nəticə verməyib.
Əldə olunmuş məlumata görə saxlanılmış İsgəndər Hüseynov əvvəllər də cinayət törədib. Əvvəllər o, Rusiyada səkkiz il həbsdə yatıb.