Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 22 noyabr — Sputnik. Şimal rayonlarında artıq bir həftədir ki, çörəkbişirmə zavodlarında çörəklərin qiyməti ikiqat endirilib.
Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Şabran rayonunda fəaliyyət göstərən marketlərin satıcıları xəbər verib. Əvvəllər zavod çörəyinin qiyməti 40 qəpik idisə, hazırda həmin çörəyi mağazalarda 20-25 qəpiyə almaq mümkündür. Eynilə təndir çörəyində də qiymət endirimi müşahidə edilir. Əvvəllər 50 qəpiyə satılan təndir çörəyini indi 25 qəpiyə almaq olar.
Bu aksiya Quba,Qusar və Xaçmazda yerləşən çörəkbişirmə müəssisələrinin rəhbərlərinin təşəbbüsü ilə keçirilir. Müəssisə rəhbərləri bunu əhalinin imkansız təbəqəsinə kiçik bir yardım kimi qiymətləndirsələr də, bəzi mağaza satıcıları isə bunun bir oyun olduğunu bildiriblər. Çünki əvvəllər satılan 40 qəpiyə satılan zavod çörəyinin çəkisi 450 qram olduğu halda, indi həmin çörəyin faktiki çəkisi 360 qramdır. Onu da qeyd edək ki, çörəkbişirmə müəssisələrində çörəyin satılma qiyməti 16 qəpikdir.