Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 22 noyabr — Sputnik. Bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Quba rayonu ərazisində reyd keçirən zaman ovlanmış ayı əti ilə yüklü olan 3 atlını saxlamaq istəslər də buna nail ola bilməmişdilər. Həmin şəxslər atların üzərindəki yüklərini ataraq ərazidən uzaqlaşmışdılar.
Toplanmış materiallar, məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunla müvafiq tədbirlərin görülməsi məqsədi ilə yerli hüquq-mühafizə orqanlarına göndərilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Quba RPŞ-in əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayını ovlayan şəxslər saxlanılıb.
Quba RPŞ-nə gətirilən Qonaqkənd sakinləri Fariz Rəhmənovun, Aydın Nəsirovun və Pirməmməd Nemətovun ovu birgə etdikləri məlum olub.
Həmin şəxslərin ov zamanı istifadə etdikləri "İJ" markalı ov tüfəngi və 6 ədəd patron götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.