BAKI, 21 noyabr — Sputnik. Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı ölkə başçısının tapşırıqlarına uyğun olaraq, "Made in Azerbaijan" brendinin xarici bazarlarda tanıdılması və ixrac təşviqi mexanizmləri çərçivəsində genişmiqyaslı dövlət dəstəyi tədbirləri həyata keçirilməkdədir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, xarici ölkələrdə ölkəmizin və ixracatçıların maraqlarının qorunması və təmsil edilməsi məqsədilə Azərbaycanın Rusiya, Çin və Birləşmiş Ərəb Əmirlikləri səfirliklərində, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələri üzrə Polşa səfirliyində ticarət nümayəndələri təyin edilib, ticarət evlərinin yaradılmasına başlanılıb.
Nazir bildirib ki, Türkiyə ilə əldə olunmuş razılaşmaya əsasən Naxçıvanda istehsal olunan ümumi dəyəri 120 milyon ABŞ dollarından çox sənaye və kənd təsərrüfatı məhsulları vergi və rüsumsuz Türkiyəyə ixrac olunacaq.
O, qeyd edib ki, aparılmış kompleks tədbirlər nəticəsində ötən ilin 9 ayı ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 27 faiz, o cümlədən kənd təsərrüfatı və emal məhsullarının ixracı 33 faiz, sənaye məhsullarının ixracı isə 22 faiz artıb.
"Bu tədbirlər növbəti illərdə də davam etdiriləcək və qeyr-neft məhsullarının yüksək templərlə artmasına şərait yaradacaq" — deyə nazir bildirib.