BAKI, 21 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim cənub-qərb küləyi əsəcək, gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16, Bakıda gecə 10-12, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 753 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 22-də qərb rayonlarından başlayaraq arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 13-17, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.