İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 21 noyabr — Sputnik. Bir gün bundan qabaq Qəbələdə naməlum şəxs Qəbələ şəhərinin İ.Qutqaşınlı küçəsindəki 17 saylı mənzilinə basqın edərək ev sahibəsinə bıçaq xəsarət yetirərək onun qızıl əşyalarını və pulunu alaraq qaçmağa nail olmuşdu. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir.
Qəbələ rayon Polis Şöbəsinin Istintaq bölməsinin müstəntiqi, polis kapitanı Tural Hüseyinov bildirib ki, noyabrın 18-də səhər saatlarında Qəbələ RPŞ-yə şəhər sakini olan qadına qarşı quldurluq edilməsi barədə məlumat daxil olub, dərhal həmin ünvana gələn istintaq-əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb və xəsarət almış 66 yaşlı qadın xəstəxanaya yerləşdirilib.
Araşdırmalarla evə zirzəminin pəncərəsindən girmiş maskalı şəxsin qadının baş, qol və sinə nahiyələrinə bıçaqla xəsarət yetirməsi, 115 manatını və qızıl üzüyünü alması müəyyən edilib. Görülmüş təxirəsalınmaz tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. Bakı şəhər sakini olan Natiq Paşabəyli müxtəlif yalanlar uydurmaqla məsuliyyəti boynundan atmaq istəsə də, tutarlı faktlar qarşısında törətdiyi cinayət əməlini etiraf edib. Onun həmin qadının yaxın qohumu olması, bir gün əvvəl taksi ilə Qəbələyə gəldiyi, tamah məqsədilə bu əməli törətdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən onun cinayətdə istifadə etdiyi əlcək rayon ərazisində atdığı yerdən, götürdüyü qızıl üzük isə paytaxtda satdığı mağazadan aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri aparılır.
Qeyd edək ki, cinayətkar zərərçəkənin qardaşı oğludur.