BAKI, 21 noyabr — Sputnik. Mərkəzi Bank gələn il də konservativ monetar siyasət yürüdəcək, məzənnənin sabitliyi 2018-ci ildə diqqət mərkəzində olacaq və valyuta bazarında sabitlik qorunacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il dövlət büdcə layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, cari ildə tədiyyə balansında profisit bərpa olunub və 1,1 mlrd. dollarlıq profisit əldə olunub: “Tədiyyə balansında yaxşılaşma yalnız neftin qiyməti ilə bağlı deyil. İdxalın azalması, qeyri-neft ixracının 35%-lik artması da tədiyyə balansına təsir edən amillərdəndir. Xidmət balansında da müsbət meyllər var. Cari ildə stareteji ehtiyatlar 12%, Azərbaycan Mərkəzi Bankının ehtiyatları isə 31% artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib. Ölkəyə idxal azaldılıb, strateji valyuta ehtiyatlarına təzyiq azalıb. Makroiqtisadi sabitliyin ilkin əsasları yaranıb".
E.Rüstəmov qeyd edib ki, hazırda bank aktivlərinin 20%-dən çoxunu likvid aktivlər təşkil edir: “Kredit portfelində aktivlik müşahidə olunmur. İnflaysiyanı əsasən qeyri-monetar amillər şərtləndirir. Son bir ayda dünya bazarında ərzaq məhsullarının qiymətinin artması ölkədə də inflyasiyanın aşağı düşməsinə mane olub”.