BAKI, 21 noyabr — Sputnik. Paytaxtın Üzeyir Hacıbəyov küçəsi 66 ünvanında yol polisi ilə sürücü arasında dava düşüb. Sürücü SİA-ya təqdim etdiyi video ilə bərabər bildirib ki, polislə dialoqunu telefonla qeydə almaq istəyərkən, ona qarşı yol polisi zabitinin işlətdiyi hədə-qorxu dolu və təhqiramiz ifadələr ətrafdakı insanları da şoka salıb.
Hadisəni törədən YPX əməkdaşı Elçin İsmayılov Avtosfer-ə açıqlamasında məsələyə münasibət bildirib. DYP əməkdaşı deyib ki, hadisə əslində heç də videoda göstərilən kimi deyil.
"Həmin sürücü Rəşid Behbudov küçəsindən sola dönərək Səbail rayon İcra hakimiyyətinin qarşısından üzü "Sahil" metrosu istiqamətində hərəkətdə olarkən, qarşı yola çıxaraq yolunu davam etdirib. Bu zaman həmin sürücü saxlanılıb və sənədləri tələb olunub. Lakin sürücü, təxminən 10 dəqiqə ərzində sənədləri və özünü təqdim etməyib" — yol polisi deyib.
YPX əməkdaşı avtomobilin dövlət qeydiyyat nişanını bort kompüterə daxil edərək sürücünün şəxsiyyətini müəyyənləşdirib və barəsində 100 manat, 4 bal cərimə tətbiq edib. Bundan hiddətlənən sürücü isə bildirib ki, bu gündən etibarən onun videosunu çəkərək hər gün sosial şəbəkələrdə yayacaq.
"Mən ona bildirdim ki, bu, qanun pozuntusudur və buna görə "başın ağrıyacaq". Lakin səhvən "başın partlayacaq" ifadəsi işlətmişəm. Başqa heç bir problem olmayıb" — İsmayılov bildirib.
O, əlavə edib ki, sürücü istənilən vaxt DYP-yə yaxınlaşıb şikayətini bildirə bilər: "Həmçinin görüntülərlə tanış olub həqiqətən də qayda pozduğunu görə bilər. Mən qarşı yola çıxdığı üçün ona cərimə yazmışam".
Qeyd edək ki, YPX əməkdaşı Elçin İsmayılov da öz növbəsində şərəf və ləyaqətinin təhqir olunduğunu bildirib və sürücünü məhkəməyə verəcəyini deyib.