BAKI, 20 noyabr — Sputnik. "Türkiyə bölgədə xəritə dəyişikliyinə imkan verməyəcək". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının yığıncağındakı çıxışında bildirib.
"Dövlətimiz və millətimiz bir əsr əvvəl Milli Azadlıq Hərəkatında olduğu kimi, indi də düşmənlərin xəritə planlarını pozacaq. Heç bir qüvvə türk millətini boyun əydirə bilməyəcək. Bölgədə gedən oyunları çox yaxşı görürük. Onların xəyallarını puça çıxaracağıq" — dövlət başçısı qeyd edib.
Çıxışında FETÖ terror təşkilatı ilə mübarizəyə də yer ayıran Ərdoğan, bu təşkilatı yerli satqınların təkbaşına yarada bilməyəcəyini söyləyib: "FETÖ üzvləri barəsində davam edən istintaq açıq-aşkar göstərir ki, Türkiyədə yaşayanlar bu qaranlıq təşkilatı təkbaşlarına yarada bilməzlər. Onların arxasında kimlərin durduğunu yaxşı bilirik".