Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 19 noyabr — Sputnik. Bir neçə ay öncə sosial şəbəkələrdə paylaşılan "Gedək üzü küləyə" mahnısı ilə məşhurlaşan Çinarə Məlikzadə Sputnik Azərbaycan-ın qonağı olub. Gənc müğənni həyat və yaradıcılığı haqqında danışıb.
- Sizin ulduzunuz bir gecənin içində parladı. Bu, təsadüf idi, yoxsa öncədən hazırlanan bir ssenari?
— Hər kəsin bir qisməti var. Bu, tam təsadüf idi. Dostum mənə dedi ki, "sən utancaqsan, bir mahnı oxu, mətbuatda yayaq". Mən də sadəcə nümunə üçün oxudum. Doğrusu, çəkdiyim video xoşuma gəlməmişdi, amma göndərmişdim. Dostum da mənim xəbərim olmadan "Facebook"da paylaşmışdı. Beləliklə, məşhurlaşdım. Bu gün bu məşhurluğa görə dostum Hacıbəyə təşəkkür edirəm.
- "O səs Türkiyə"də iştirak etdiniz, amma elə də məşhurluq qazanmadınız…
— O yarışmada hamı Elnur Hüseynov kimi parlaya bilməz. Mənim bəxtim orada yox, sosial şəbəkələrdə gətirdi. Düzdür, yarışmadan sonra Türkiyədən təklif gəlmişdi və orada işləyirdim. Bakıya isə qohumların toyu olduğu üçün gəlmişdim. "Gedək üzü küləyə" mahnısını da o ərəfədə çəkib paylaşdım. Məşhurlaşdım və təkliflər gəlməyə başladı. O zaman qərara gəldim ki, Azərbaycanda qalım və karyeramı burada davam etdirim.
- Sizin bu üsulunuzdan, bir çox gənclər sosial şəbəkədə uğur qazanmaq üçün istifadə edirlər. Buna münasibətiniz?
— Məndən sonra bir çox gənc müğənni mahnı oxuyub, sosial şəbəkələrdə paylaşıb. Məncə, bu, kifayət qədər normal haldır. Mən onları dəstəkləyirəm.
- "Gedək üzü küləyə" mahnısı sizin ifanızda sevilsə də, rejissor Ər-Toğrul Kamalovun o mahnıya çəkdiyi klip tamaşaçılar tərəfindən bəyənilmədi, hətta tənqid olundu. Çəkdiyiniz əziyyətə dəydi?
— Tənqid olsa da, klipə çox baxıldı. Bəyənilməsəydi, Ər-Toğrula bir neçə sənətçi tərəfindən təklif gəlməzdi. Həm də hamı bəyənməli deyil ki.
- Rafet El Roman sizin səsinizi bəyəndiyini və sizinlə duet oxumaq istədiyini bildirib. Qarşıda duet olacaq?
— Nə olubsa, mətbuatın gözü qarşısında olub. Jurnalistlər mənə bu barədə deyiblər. Amma özü mənə heç nə deməyib. Duet təklifi etsə, böyük məmuniyyətlə qəbul edərəm. Onun sənətini çox sevirəm.
- Məşhurlaşandan sonra konsertlərə dəvət almısınız?
— Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə İsveçrə, Finlandiya, Almaniyaya turlarımız olacaq. Daha sonra Türkiyədə konsert proqramı haqqında danışıqlar aparırıq. Hətta mini konsert proqramlarına İran və İraqdan da gələnlər olur. Yəni tək azərbaycanlılar deyil, başqa ölkələrdən də gələnlər olur.
- Geyim stilinizi tənqid edənlər də çoxdur…
— Doğrusu, geyimimə çox diqqət ayıran biri deyiləm. Paltar dolabımdan nə tapıramsa, onu da geyinirəm. Hətta efirə bir gün qalmış mənə xəbər etmişdilər. Mən də efir vaxtını mənə gec dedikləri üçün əsəbləşdim və şalvarın üstündən don geyinib verilişə getdim. Onu deyim ki, mən istəyirəm, öz geyim tərzim olsun və bununla da seçilim.
- Sizin səsinizi Flora Kərimovanın səsinə bənzədirlər.
— Mən Flora Kərimova kimi oxuya bilmərəm. O, böyük sənətkardır.
- Şou-biznesi qalmaqalsız təsəvvür etmək mümkün deyil. Siz qalmaqallara qoşulacaqsınız?
— Mən qalmaqaldan uzaq biriyəm. Başımı aşağı salıb öz karyeramla məşğulam.