BAKI, 18 noyabr — Sputnik. Rusiyada əhalinin sayında kəskin azalma baş verəcək. Ən optimist proqnozlara görə, 2035-ci ildə əhalinin təbii azalması 400 min nəfər, pessimist proqnozlara görə, 1 milyon nəfər təşkil edəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Rusiyanın Demoqrafik Çağırışları" Strateji İşlər Mərkəzinin hesablamasında deyilir.
Sənəddə vurğulanır ki, 2017-ci ilin əvvəlində Rusiyada 146,8 milyon əhali yaşayıb. Son illər ərzində ancaq 2013-2015-ci illər arasında əhalinin təbii artımı qeydə alınıb. Amma bu rəqəm də simvolik olub. Məsələn, 2015-ci ildə əhali cəmi 32 min nəfər artıb və bu artım miqrasiya hesabına baş verib. 2016-cı ildə əhalinin sayında azacıq azalma olub. Azalma getdikcə daha da sürətlənəcək.
Hesabat müəllifləri BMT-nin Rusiya üçün proqnozlarına da diqqət yetiriblər. Bu proqnoza görə, 2050-ci ildə Rusiya əhalisi 128,6 milyon nəfərə qədər azalacaq və ölkə demoqrafik reytinqdə 15-ci pilləyə düşəcək. ABŞ istisna olmaqla digər inkişaf etmiş ölkələrdə də analoji problem yaşanacaq. Birləşmiş ştatlara isə miqrant axını davam edəcək.