BAKI, 18 noyabr — Sputnik. Bu gün səhərdən etibarən Azərbaycanda "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiymətində artım baş verib. Hazırda xaricdən idxal edilən "Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,25 AZN, "Aİ-98" super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir.
Sputnik Azərbaycan xəbər verir ki, qiymət artımı bu benzin növününü xaricdən gətirilməsi iulə izah edilir. Artıq bu gündən bütün yanacaqdoldurma məntəqələrində qiymət cədvəli də dəyişib.
İqtisadçı-ekspert Natiq Cəfərlinin Sputnik Azərbaycan-a şərhinə görə, bu qiymət artımı ticarət, kənd təsərrüfatı, daşımalara ciddi təsir göstərməyəcək: "Azərbaycanda "Aİ-95" ("Premium") və "Aİ-98" ("Super") markalı benzinin bahalaşması birbaşa digər sahələrdə qiymət artımına səbəb olmayacaq. Çünki, logistika, nəqliyyat, kənd təsərrüfatı, o cümlədən istehsal sahələrində istifadə olunan daşımalarda "Aİ-95" və "Aİ-98" markalı benzinlərdən istifadə edilmir".
O deyib ki, neft dünya bazarında yenidən 50 dollara düşəndən sonra, "Aİ-95" bizdə ucuzlaşmalıdır: "Məntiqlə "Aİ-95" markalı benzində qiymət artımı digər sahələrdə (nəqliyyat, ticarət, aqrar sahə) qiymət artımına səbəb olmamalıdır, amma bizdə olacaq. "Aİ-95" markalı benzini ölkəyə kim istəsə, gətirə, hansı qiymətə istəsə, sata bilər".
"Lakin bizdə bu, təktərəfli işləyir — ancaq SOCAR gətirir, amma istədiyi qiymətə satır. SOCAR-ın borcu artıqca benzin və dizelin, dövlətin borcu artıqca kommunal xidmətlərin qiyməti atacaq" — mütəxəssis bildirib.
Cəfərli əlavə edib ki, "Aİ-92" markalı benzinin, sonra isə dizelin qiymətində də dəyişiklik olarsa, o zaman bu hadisə ticarət, kənd təsərrüfatı, daşımalara ciddi təsir göstərə bilər.
Öz növbəsində iqtisadçı-ekspert Samir Əliyevin fikrincə isə, "Premium" benzinin bahalaşması o deməkdir ki, "Aİ-92"nin də bahalaşması gözlənilir.
Daha bir iqtisadçı-ekspert İlham Şaban da dizelin qiymətinin artacağını düşünür.