BAKI, 16 noyabr — Sputnik. “Hazırda "İmam Hüseyn" məscidi təmirdədir. 3 ay olar ki, fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Amma insanları həmişə tövbəyə çağırmışam. İstər siyasətçilər, istərsə də müğənnilər istədikləri vaxt tövbə edə bilərlər. Tövbə etmək gec deyil".
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri modern.az saytına açıqlamasında "Tövbə" cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov deyib.
Hacı Əbdül tövbə üçün müraciət edən kişilərdən fərqli olaraq, qadınların şallaqlanmadığını vurğulayıb: "İndiyə kimi heç bir qadına şallaq vurmamışam. Ona görə yox ki, onlar şallağa layiq deyillər, yaxud da cəzalanmamalıdırlar. Biz o kəsləri şallaqlayırıq ki, tövbə edir, sonra gedib tövbəsini pozurlar. Amma qadınlar gəlib tövbə edəndən sonra günah işlətməyib. Qadınların tövbə etdiyini görmüşəm, amma tövbəni pozduqlarının şahidi olmamışam".
Hacı Əbdül son vaxtlar onun yanına tövbə etməyə gələnlərin olmadığı barədə yayılan xəbərə belə reaksiya verib: "Bu, Hacı Əbdülün "Tövbə" cəmiyyəti deyil, bu, Allahın "Tövbə" cəmiyyətidir. Hər kəs tövbə edə bilər. İnsanlar bunu dərk etməlidirlər. Bizə çox insanlar tövbə etmək üçün müraciət edir. Kim inanmırsa, bu onun öz işidir".
Söhbət əsnasında Hacı Əbdül daha bir maraqlı xəbər verib. Məlum olub ki, bir neçə gün öncə növbəti dəfə ata olub. 77 yaşlı Hacı Əbdülün ikinci həyat yoldaşından daha bir oğlu doğulub: "Bu yaxınlarda oğlum Əbdülün qardaşı dünyaya gəlib. Onun da adını Əbdül qoymuşam. Olub Əbdül-2".
Xatırladaq ki, hazırda 77 yaşı olan Hacı Əbdül Əbdülovun birinci həyat yoldaşından Məhəmməd adlı bir oğlu var. 2010-cu ildə ikinci xanımından daha bir oğlu doğulub və ona öz adını verib. 2016-cı ildə Hacı Əbdül 29-cu dəfə müqəddəs Həcc ziyarətinə gedərkən 6 yaşlı oğlu Əbdülü də özü ilə aparmışdı.
İndi doğulan uşağa da eyni adın qoyulması nəticəsində bir ailədə 3 Əbdül olub – biri ata, ikisi oğul.