Uzun müddət saxlanması, xüsusi dadı və qoxusu olan bu çörək 100 illərlə köçərilərin mətbəxinin əvəzedilməz azuqəsi olub. Əziyyətlə ərsəyə gəlməsi səbəbindən xamralının hazırlanmasından zamanla imtina edilsə də, Qazax və Ağstafa rayonunun əksər evlərində onun ətri yenə yayılmaqdadır. Sac üzərində bişirilən xamralı əsasən soyuq havalarda — payız-qış aylarında bişirilir. Yay günlərində isə onu istiyə daha davamlı fətir (yuxa) əvəz edir.
Xamralının xüsusi özəlliklərindən biri də bişirildikdən bir həftə-on gün sonra belə, soba üzərində kövrəltdikdə (Qazaxda xamralının sobanın üstündə isidilməsi belə adlanır — red.) yeni bişmiş kimi öz təravətini və dadını saxlamasıdır.
Xamralının hazırlanması və özəllikləri barədə Sputnik Azərbaycan-a Qazax rayonunun Kosalar kənd sakini Lalə İbrahimova danışıb.