BAKI, 16 noyabr — Sputnik. Azərbaycan ərazisində güclü zəlzələ baş verib. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Avropa Aralıq Dənizi Seysmologiya Mərkəzinin məlumatında bildirilir ki, episentrdə — Bərdə şəhərindən 23 km şərqində yeraltı təkanın gücü 5.1 maqnituda olub.
10 km dərinlikdə baş verən zəlzələ ətraf yaşayış məntəqələrində, habelə Ağdam, Ucar, Gəncə, Şəki, Zaqatala, Şəmkir və digər rayonlarda hiss olunub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, noyabrın 15-də saat 23.48-də Ağdam rayonu ərazisində zəlzələ qeydə alınıb.
25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində yaşayış evlərinə ziyan dəyib, bəzi rayonlarda yaşayış evləri dağılıb. "Report" xəbər verir ki, təqribən 6 maqnitudaya yaxın baş verən yeraltı təkanlar nəticəsində evlərin və hasarların divarlarında çatlar əmələ gəlib, bəzi evlər qəzalı vəziyyətə düşüb.
İnsanlar təşviş içində küçələrə çıxıb. Yeraltı təkanların təqribən 30 saniyə davam etdiyi bildirilir.
Ağdam Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Əliyevin verdiyi xəbərə görə, rayonun Üçoğlan kəndində vətəndaşa məxsus fərdi yaşayış evi uçulub.
Onun sözlərinə görə, eyni zamanda zəlzələ nəticəsində Quzanlı kəndində elektrik transformatorunda partlayış baş verib, qəsəbəyə verilən elektrik enerjisində fasilələr yaranıb. Hazırda "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən təmir-bərpa işləri görülür.
Eyni zamanda Tərtər rayon icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ramiz Şabanovun verdiyi məlumata görə, 5 baldan yuxarı baş verən yeraltı təkanlar bir neçə kənddə dağıntılara səbəb olub, çoxlu sayda ev qəzalı vəziyyətə düşüb.
O bildirib ki, yerli sakinlərin FHK-yə verdiyi məlumata görə, rayonun Evoğlu, İsmayılbəyli və Əskipara kəndlərində palçıqdan tikilən evlərin bir hissəsi zəlzələ nəticəsində uçulub. Rayonun digər yaşayış məntəqələrində çoxlu sayda evin hasarlarında çatlar əmələ gəlib.
Təbii fəlakət nəticəsində Tərtərin Qaziyan kəndində 1 nəfər yaralanıb.
1975-cii il təvəllüdlü kənd sakini Məmmədov Şahid İbrahim oğlu dağılan evin altında qalıb. Nəticədə evin dəmir konstruksiyası onun bel nahiyəsinə düşüb. Nəticədə Ş.Məmmədov ağır xəsarət alaraq "təcili tibbi yardım" maşını ilə xəstəxanaya çatdırılıb.