BAKI, 15 noyabr — Sputnik. Bu gün Bakıda, Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 34 illiyinə həsr edilmiş tədbir keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Şimali Kipr Bakı təmsilçisi Ufuk Turganer Şimali Kipr yaranma tarixindən söz açıb.
O, bildirib ki, bu gün həm də Şimali Kipr Bakı təmsilçiliyinin yaranmasından 20 il ötür: “Şimali Kipr Türk Cümhuriyyəti 1983-cü ildə Kipr adasının türk icmasının məskunlaşdığı şimal hissəsində yaradılan və beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmayan dövlətdir. Bu dövlət 1974-cü ildə yunan millətçilərinin qətliamından sonra Türkiyə tərəfindən adadakı türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilən hərbi müdaxilə nəticəsində türk ordusunun nəzarətinə keçən torpaqlarda yaradılıb. Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyi 1997-ci ildə açılıb və o vaxtdan fəaliyyətimiz davam edir”.
Daha sonra millət vəkili Hikmət Babaoğlu çıxış edərək Şimali Kiprin yaranma tarixindən və Azərbaycanla olan münasibətlərindən söz açıb. O, bildirib ki, Kıpr uzun müddət Azərbaycan üçün “uzaq ada” olub: “Ancaq 1997-ci ildən etibarən Azərbaycanda nümayəndəlik yarandı. Bundan sonra aramızda münasibətlər inkişaf etməyə başladı. Turizm, təhsil, mədəniyyət və incəsənət sahələrində münasibətlərimiz var".
Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb.