BAKI, 15 noyabr — Sputnik. "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanması zamanı xüsusi şücaət göstərmiş bir neçə polis əməkdaşı mükafatlandırılıb. Sputnik Azərbaycan ucnoqta.az-a istinadən xəbər verir ki, daxili işlər naziri Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanması zamanı fərqlənən polis əməkdaşlarından ikisinin rütbəsi qaldırılıb, digərinin isə müvafiq zamanda Polis Akademiyasında təhsil almağa göndərilməsi ilə bağlı göstəriş verilib. Bundan başqa, həmin əməliyyatda iştirak edən polis nəfərləri pul mükafatları və digər qiymətli əşyalarla mükafatlandırılıb. Məlumat DİN-nin mətbuat xidməti tərəfindən təsdiq edilib.
Qeyd edək ki, oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmir yolu stansiyasından qaçan "Qoca" ləqəbli Etibar Məmmədovun saxlanılması üçün bir neçə gün sonra keçirilən əməliyyat zamanı atışma olub. Atışma zamanı polis əməkdaşları E.Məmmədovu zərərsizləşdiriblər.