BAKI, 15 noyabr — Sputnik. Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini qeyd edib.
Əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da addımlar atmağın zəruriliyini qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyib və Braziliyanın xarici əlaqələr nazirinin Azərbaycana rəsmi səfərini bunun yaxşı göstəricisi kimi dəyərləndirib.
Gələcək illərdə qarşılıqlı iqtisadi əməkdaşlığa diqqət yetirilməsinin vacibliyini vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında ticarət dövriyyəsinin hələ ki, aşağı səviyyədə olduğunu bildirib. İnvestisiya layihələrinə toxunan Prezident İlham Əliyev biznes dairələrinin birgə fəaliyyəti sayəsində daha da yaxşı nəticələrə nail olmağın mümkünlüyünü vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan-Braziliya əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə və nazir Aloyzio Nunyes Ferreiranın ölkəmizə səfərinin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib.
Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira öz növbəsində Prezident İlham Əliyevin əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı dediyi fikirlərlə tam razı olduğunu bildirib. Nazir əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini vurğulayıb.
Braziliyalı nazir ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsində çox maraqlı olduğunu deyib və bildirib ki, ölkəmizə səfərinin əsas məqsədi bununla bağlı məsələləri müzakirə etməkdir.
Görüşdə Azərbaycan ilə Braziliya arasında iqtisadi, sərmayə qoyuluşu, biznes, turizm, təhsil, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.