BAKI, 14 noyabr — Sputnik. Moskvadakı "Çerkizov bazarı"nın və Türkiyədəki "Mardan Palace"-ın keçmiş sahibi Telman İsmayılov və onun qardaşı Vaqif İsmayılov son vaxtlar məskunlaşdıqları Türkiyəni tərk edərək Fransaya qaçıblar.
Sputnik Azərbaycan "Rosbalt"-ın istinadla xəbər verir ki, Moskvanın Basman məhkəməsi Telman İsmayılovun qardaşı, Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı Vaqif İsmayılovla bağlı da qiyabi həbs qərarı çıxarıb. O, serial cinayətlərdə ittiham olunan ailə klanını güc strukturlarının əli ilə himayə etməkdə günahlandırılır.
Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, məhkəmə Vaqif İsmayılov haqqında həbs qətimkan tədbiri seçib. Bu tədbir DİN-in sabiq əməkdaşı haqqında beynəlxalq axtarış elan etmək məqsədilə seçilib. Çünki V.İsmayılov 2016-cı ilin payızında qardaşı Rafiqin həbs olunduğu vaxtdan etibarən hüquq-mühafizə orqanlarından gizlənir. Məhkəmə V.İsmayılovla bağlı Rusiya Cinayət Məcəlləsinin 222-ci (qanunsuz silah saxlama) və 105-ci (qətl törətmək) maddələri ilə qiyabi həbs qərarı çıxarıb.
Başlanğıcda asayiş keşikçiləri onun Rusiya ərazisində olduğunu və yaranmış situasiyanı həll etməyə çalışdıqlarını bildiriblər. Lakin sonra məlum olub ki, Vaqif İsmayılov Türkiyəyə — Telman İsmayılovun yanına gedib. Hər iki qardaş yaxın vaxtlara qədər Antalyadakı "Mardan Palace" kompleksi ərazisində yerləşən nəhəng iqamətgahda yaşayıblar. Otelin işıqları yayın sonunda elektrik borclarına görə kəsilib. Əməliyyat məlumatlarına görə, İsmayılov qardaşları Türkiyənin onları Rusiyaya verəcəyindən ehtiyatlanaraq Fransaya köçüblər və hazırda oradadırlar.
Qeyd etmək lazımdır ki, Fransa Telman İsmayılova yad ölkə deyil. Bu, Rusiya DİN-in keçmiş əməkdaşı Dmitriy Zaxarçenko ilə bağlı istintaq materiallarından da görünür. İşlə bağlı verilən şahid ifadələrində də bildirilir ki, Zaxarçenko İsmayılovla hələ o, Moskva regionundakı bazarların sahibi olan vaxtlardan yaxşı tanışdır. Şahidlərin sözlərinə görə, İsmayılov Rusiyadan getdikdən sonra Zaxarçenko ona Fransada görüşüb birlikdə mümkün biznes-layihələri müzakirə etməyi təklif edib.
Vaqif İsmayılov DİN-in müxtəlif bölmələrində çalışıb, eləcə də etnik qruplar tərəfindən törədilmiş cinayətlərin araşdırılması ilə məşğul olub.
Vaqif İsmayılovla bağlı müxtəlif operativ informasiyaları biznesmen Sergey Qavryuşin istintaqla əməkdaşlıq zamanı verib. O, 15 ildən çox Rafiq İsmayılovun köməkçisi olub və onun bütün təsərrüfat məsələlərinə cavabdehlik daşıyıb. Hərdən Telman İsmayılovun da tapşırıqlarını yerinə yetirib. Qavryuşin həmçinin "Abramtsevo" bazarı və o qəbildən olan bir sıra ticarət obyektlərinin sahibi olan "Merkuri-R" MMC-nin (yeganə təsisçisi Rafiq İsmayılov – red.) baş direktoru olub.
Qavryuşin deyib ki, o, bir neçə dəfə "Praqa" restoranında Telman, Vaqif və Rafiq İsmayılov qardaşlarının qətllərin planlaşdırılması və DİN əməkdaşları ilə korrupsiya əlaqələri barədə danışıqlarının şahidi olub. Şahidin sözlərinə görə, o, Telman və Rafiq İsmayılov tərəfindən verilən bahalı hədiyyələr və konvertləri paytaxt dairələrindən birinin daxili işlər orqanının rəhbərinə çatdırıb. Həmin şəxs hələ də daxili işlər orqanında çalışır. Qavryuşin deyib ki, DİN-in digər bazarların sahiblərinə qarşı həyata keçirdiyi əməliyyatlar da İsmayılovlar ailəsi tərəfindən maliyyələşdirilib. Odur ki, ola bilsin, İsmayılovların işi ilə əlaqədar yeni istiqamətdə — onlara kömək edən hüquq mühafizəçiləri haqqında da araşdırma başladılsın.
Asayiş keşikçilərinin məlumatına görə, 2009-cu ildə İsmayılovların əsas gəlir mənbəyi olan "Çerkizov bazarı" bağlanarkən, ailə üzvləri öz ticarətlərini yerləşdirmək üçün digər iri obyektlər axtarmağa başlayıblar. Öz növbəsində Moskva ətrafındakı Balaşixa rayonunda yerləşən nəhəng "Abramtsevo" bazarı onların xoşuna gəlib. Lakin həmin bazar "Lüberetsk" qruplaşmasının avtoritetlərinin və onlarla əlaqəsi olan biznesmenlərin nəzarətində olub. Əməliyyatçılar İsmayılovların əvvəlcə qanqsterlərlə birgə biznes barədə anlaşdıqlarını bildirirlər.
Lakin sonralar onların arasında ixtilaflar başlayıb. Bu ixtilaflar "Abramtsevo" bazarının bağlanmasından sonra da davam edib. Daha sonra "Lüberetsk" mütəşəkkil cinayətkar qruplaşması geri çəkilməyə başlayıb. Qruplaşma üzvlərinin bir çoxu özlərini leqallaşdırmaq imkanı əldə ediblər, biznesmen və hətta deputat olublar. Şahid ifadələri əsasında hüquq-mühafizə orqanlarının əməkdaşlarının əlində imkan var ki, "Lüberetsk" klanına qarşı hücumların arxasında məhz İsmayılovların dayandığını iddia etsinlər.
Artıq o da məlumdur ki, ailə özünün killerlərindən birini Tomilino qəsəbəsində yaşayan "Lüberetsk" avtoritetlərindən birinin üstünə göndərib. O, odlu silahla vurulub, yaralanıb, lakin yaşayır.
"Hələlik beş qətl faktı sübut olunub. Bundan əlavə cinayət fəaliyyətlərinə — sui-qəsd və qətllərə dair onlarla epizod üzərində iş aparılır" — deyə İsmayılovların işi üzrə məlumatlı mənbə bildirib.
Hazırda İsmayılovlara qarşı RF CM-nin 210 (cinayətlərin təşkili), 105 (adam öldürmə), 222 (qanunsuz silah saxlama), 172 (qanunsuz bank fəaliyyətləri), 167-ci (yanğın törətməklə əmlaka ziyan vurma) maddələri ilə cinayət işi açılıb.
Telman İsmayılovu səkkiz sifarişli qətl törətməkdə şübhəli bilinən qruplaşmaya aidiyyatı olmaqda ittiham edirlər. Onun əleyhinə qruplaşmanın üzvlərindən olan Harri Beloserkovski ifadə verib. Beloserkovskinin sözlərinə əsasən, qruplaşma Moskvanın Şimal inzibati dairəsindəki ticarət obyektləri ucbatından Koptev qruplaşmasının üzvlərini və onlarla bağlı olan biznesmenləri öldürüb.
Böyük ehtimalla Qavryuşin istintaqın gedişində Rafiq İsmayılovun "sağ əli" olmuş Harri Beloserkovski ilə əməkdaşlıq edir. Beloserkovskinin ifadələrində bildirilir ki, 2000-ci ildə o, Rafiqlə birlikdə "Praqa" restoranına gedib və orada Telman İsmayılovla söhbətin şahidi olub. Həmin vaxt qardaşlar "Koptev" mütəşəkkil cinayətkar qruplaşmasından olan avtoritet Andrey Lobanovun aradan götürülməsini və cinayətin detallarını müzakirə ediblər.
İsmayılovlar hansısa məqamda öz biznes ortaqlarına qarşı qanunsuz hərəkətlərinə görə də ittiham edilirlər. Misal üçün bildirilir ki, onlar "Stroymarket № 1" ticarət mərkəzinin satışından əldə olunan və biznesmen Vladimir Savkinə çatacaq 5,5 milyon dolları ona verməyiblər. Əksinə, Savkini öz yanlarından kobud surətdə qovublar. Savkin onlardan davamlı olaraq borclarını tələb edib. Onun iradlarına əsasən Rafiq cavab verib. 2016-cı ilin mayında İsmayılovlar borcları detallı müzakirə etmək üçün biznesmeni görüşə çağırıblar. Savkin həmin görüşə tanışı Brilyovla birlikdə gedib və onların hər ikisi güllələnib.
Telman İsmayılovun qardaşı Rafiq 2016-cı ilin mayında Savkin və Brilyovun qətlində ittiham edilərək həbs olunub.
2009-cu ildə Telman İsmayılovun rəhbərlik etdiyi Moskvanın "Çerkizov bazarı"nın işində qanunsuzluqlar aşkarlanıb və bazar bağlanıb. İsmayılov bunun ardınca xaricə gedərək əmlakını satmağa başlayıb. 2017-ci ilin martında İsmayılov müflis elan olunub.