BAKI, 13 noyabr — Sputnik. Bundan sonra ABŞ ordusunda psixi problemləri olan insanlar da xidmət edə biləcəklər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu cür insanların orduda xidmət etməsinə rəsmən icazə verilib.
Məlumata görə, bundan sonra Amerika ordusu sıralarına, özünə zərər verənlər, bipolyar-affektiv pozuntudan əziyyət çəkənlər, depressiyada olanlar, alkoqolizm və narkotik maddə aludəçiləri də qəbul ediləcək. Qərara əsasən, 2018-ci ilin sentyabrına qədər 80 minə yaxın belə problemləri olan şəxs ordu sıralarına qəbul ediləcək.
Xatırladaq ki, ABŞ ordusunda intiharların sayı artdığı üçün, 2009-cu ildə psixi problemli insanların ordu sıralarına qəbul edilməsi qadağan edilmişdi.