İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 13 noyabr — Sputnik. Çox zaman hava haqqında məlumatı dinləyəndə "meteohəssas insanlar diqqətli olmalıdır, havada maqnit dalğaları müşahidə ediləcək" ifadəsi ilə qarşılaşırıq. Həkimlər də müəyyən havalarda meteohəssas insanları diqqətli olmağa çağırır, maqnit dalğalarının onlarda başağrısı, ürək ritminin pozulması və s. bu kimi problemlərin yaranacağını bildirirlər. Bundan əlavə, telefon, radio, kompüter, Wİ-Fİ və s. bu kimi elektron vasitələrin də maqnit dalğalarının olduğu və bu kimi əşyalarla çox ünsiyyətdə olan insanların müxtəlif xəstəliklərə yoluxduğu iddia edilir. Bəs maqnit dalğaları nədir, niyə yaranır? Həqiqətənmi bu dalğaların insanlara mənfi təsirləri iddia edilən qədər dəhşətlidir?
"Energetika və Ekologiya" MİB-in sədri Vaqif Əliyev Sputnik Azərbaycan-a deyib ki, vizual olaraq görünməyən atmosfer çirklənmələri ətraf mühit üçün daha təhlükəli sayılır. Bu amil onun geniş əraziləri əhatə etməsilə səciyyələnir. Məsələnin mürəkkəbliyi ondadır ki, bu çirklənmələrin mənbəyi sənayedə və məişətimizdə istifadə edilən elektrik qurğularının və cihazlarının yaratdığı elektromaqnit çirklənməsidir. Yəni, istər-istəməz insanlar və digər bioloji varlıqlar məcburən bu cür fiziki təsirlərə məruz qalırlar:
"Düzdür, bu şüalar radioaktiv şüalar kimi insan və digər bioloji varlıqların bədənində kumulyasiya olunmurlar, amma bu mühitdə yol verilən həddən artıq dayandıqda, qorxulu xəstəliklərə düçar olmaq qaçılmazdır".
Ekoloq bildirir ki, günəş aktivliyi dəyişdikdə belə, maqnit qasırğaları yaranır və bu insanların sağlamlığına mənfi təsirini göstərir:
"Yəni, bu təsirlər bizim həyatımıza çox geniş spektorda daxildir, lakin kifayət qədər öyrənilməyib. Misal üçün elektrostimulyator ritmi ilə yaşayan insanın kustar hazırlanmış radio ötürücünün iş zonasında ürəyinin dayanması halları olub".
Ekspert bildirir ki, elektromaqnit təsirlər ürək-damar xəstəlikləri olan insanlara daha çox təsir edir. Elektromaqnit təsirlər hətta atmosferdə ildırım aktivliyinə də təsir göstərir:
"Təbiət təsirləri qaçılmazdır. Biz bu təsirlərə sadəcə adaptasiya olunmaq məcburiyyətindəyik. Antropogen təsirləri isə yumşaltmaq və eyni zamanda yenə də adaptasiya olunmaq lazımdır. Əks halda daha qorxunc xəstəliklərin yaranması mümkündür (qan xəstəlikləri, ürək-damar, ürək çatışmazlığı, şiş xəstəlikləri, əsəb pozulmaları, xərçəng və s.)."
Ekoloq deyir ki, Azərbaycan üçün xas olan gigiyena normalarına riayət olunmaması, elektromaqnit intensivliyi zonasında yol verilən həddən çox qalmaq sonda xəstələnmələrə səbəb olur. Bu normaların iş yerlərində pozulması daha tez-tez rast gəlinən hallardır:
"İnsan bədəni üçün təhlükəli elektrik intensivliyi həddi 10 mA/m2, maqnit intensivliyi isə 4 kA/m sayılır. Bu halda əsas mühafizə tədbiri kimi (adaptasiya olunmaq) işçilərin sanitar normalara riayət etməsi sayılır. Məsələn, intensivliyi 10 kV/m sahədə işçi gündə 3 saatdan artıq, 20 kV/m-də isə 10 dəqiqədən artıq dayana bilməz. Hava elektrik xətləri üçün sanitar mühafizə zonası: 1150 kV – 300m; 110 kV – 20m; 20 kV – 10m. Bu məsafədən az olduqda uşaqlarda leykoz xəstəliyi yaranır. Bundan əlavə, tipik radio-televiziya stansiyaları üçün sanitar mühafizə zonası işçi tezlikdən və çıxış gücündən asılı olur. Yüksək tezlikli 5 – 1000 kVt üçün sanitar mühafizə zonası müvafiq olaraq 10-dan 2500 m-ə kimi qəbul olunub. Burada sığortalanmış rejim üçün intensivlik 20 V/m istifadəçi üçün isə 4 V/m qəbul olunub".
Beləliklə, elektromaqnit şüalanmasında əsas mühafizə üsulu həmin zonada məsafəyə, qalma müddətinə normativlə riayət etmək və bəzi hallarda həmin zonada ekranların qurulmasıdır.
Ekspertin sözlərinə görə, məişətimizə gündəlik tələbat kimi daxil olmuş kompüterlərin displeylərindən (ekranından) şüalanma səhhətimizə kifayət qədər ziyan yetirir (astenopiya xəstəliyi).
Digər şüalanmalara səs-radio şüaları aid etmək olar. Bu radiasiya növü daha təhlükəlidir. Bu dalğaların yolunda ekran olmasa, 6000 km məsafəni qət edə bilir. Əsasən insan sağlamlığına və tərkibində ferromaqnit maddələr olan bitkilərə və ağaclara təsir edir.
"Qəbələ RLS-in fəaliyyəti nəticəsində Azərbaycanın şimal-qərb bölgəsində yerləşən Qəbələ, İsmayıllı, Oğuz və digər rayonların əsas kənd təsərrüfatı məhsulu sayılan qiymətli "Qızıləhmədi" alma növünün kökünün kəsilməsi təhlükəsi yaranmışdı. Bu şüaların təsir sektoruna məruz qalan "Eldar" şamları qısa zamanda məhv oldu. Stansiyanın fəaliyyəti dayandıqdan sonra həmin növlərin populyasiyası məsələsi gündəmə gəlməlidir. "Qızıləhmədi"nin populyasiyası bölgənin iqtisadi vəziyyətinə və insanların sağlamlığına müsbət təsir edə bilər. Yaddan çıxarmaq lazım deyil ki, bu növ həm də stenofaq növdür. Bu növü digər bölgələrdə becərdikdə lazım olunan effekti vermir və biomüxtəliflik pozulur" — deyə Vaqif Əliyev bildirib.
Tibb eksperti Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, əslində, wi-fi, kompüter, radio, mobil telefonların yaydığı şüalar radio-dalğalardır və onların arasında ən təhlükəlisi mobil telefonların yaydığı dalğalardır:
"Mobil telefonların bəziləri böyük tezliklə çalışır. Təsəvvür edin, bu, hər yerdə var. Hamı zəng edir. Hər evin damında bir antena var. Radio, wi-fi, kompüter mobil telefonlar qədər təhlükəli deyil".
Adil Qeybullanın sözlərinə görə, bu, radioaktiv şüalanma deyil. Radioaktiv şüalanma sonda xərçəngə gətirib çıxarır. Amma bu şüalanma da insan orqanizmi üçün təhlükəli hesab edilir. Bu şüalar hüceyrələrin funksiyasını pozur. Uşaqlara, hamilə qadınlara daha ciddi təsir göstərir.
Ekspert bildirir ki, insanlar bacardıqları qədər mobil telefonlardan uzaq olmalıdır:
"Bəzən insanlar ucuz olmasından istifadə edib, saatlarla telefonla danışır. Bu, orqanizm üçün təhlükəlidir. Wi-fi–ın yayılma dairəsi 30 metrdir, “blutuz”–un (bluetooth) dairəsi 5 metrdir, mobil telefonun şüalanma dairəsi isə kilometrlərlə ölçülür. Bunlar qeyri-ionlaşdırıcı şüalardır, radioaktiv deyil".
A.Qeybulla qeyd edir ki, əvvəlki kompüterlərin ekranı müəyyən qədər şüalanmaya səbəb ola bilərdi. Amma hazırda müasir texnika sadəcə gözlərə təsir edir:
"Yaxşı olar ki, hər yarım saatdan bir kompüterin qarşısından qalxıb gəzişəsiniz. Gözlərinizi tez-tez qırpın. Çünki kompüterlərin ekranı gözün qurumasına səbəb ola bilər".
Maqnit dalğalarından qorunmaq üçün:
— İlk növbədə evinizdəki müxtəlif elektromaqnit şüa mənbələrinin şüalanma dərəcəsini müəyyən edin;
— Xüsusi dozimetrdən istifadə edin;
— Kompüter, mobil telefon və s. növbə ilə qoşmaqla dozanı öyrənin;
— Şüa mənbələrini evdə elə yerləşdirin ki, onlar qrup təşkil etməsin;
— Elektrik cihazlarını yemək masasından və istirahət yerlərindən uzaqda saxlayın;
— Elektrik cihazlarını uşaq otaqlarından uzaqda saxlayın;
— Radiotelefon bazası sutkada 24 saat şüa buraxır, onun radiusu 10 metrdir. Onu yataq və iş yerində saxlamayın.
— Məişət elektrik cihazlarının yalnız polad korpuslu olanınıalın, onlar şüadan qorumaq üçün ekran rolunu oynayır. Antropogen təsirləri isə yumşaltmaq və eyni zamanda yenə də adaptasiya olunmaq lazımdır, əks halda daha qorxunc xəstəliklərin yaranması mümkündür (qan xəstəlikləri, ürək-damar, ürək çatışmamazlığı, şiş xəstəlikləri, əsəb pozulmaları, xərçəng və s.). Azərbaycan üçün xas olan gigiyena normalarına riayət olunmaması, elektromaqnit intensivliyi zonasında yol verilən həddən çox qalmaq sonda xəstələnmələrə səbəb olur. Bu normaların iş yerlərində pozulması daha tez-tez rast gəlinən hallardır.