BAKI, 13 noyabr — Sputnik. Hər il 13 noyabr tarixi Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd olunur. Sputnik Azərbaycan xəbər verir ki, 1745-ci il noyabrın 13-də anadan olan fransız pedaqoqu Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb.
Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsasən, dünya əhalisinin 160 milyonu gözdən əlildir. Görmə problemindən əziyyət çəkənlərin əksəriyyətini yaşı 50 və daha yuxarı olanlar təşkil edir.
Xroniki korluğa aparan əsas səbəblər sırasına katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitamininin çatışmazlığı daxildir. Dünyada yaşla və nəzarətsiz diabetlə əlaqədar göz nurunun itirilməsi geniş yayılıb.
Azərbaycanda gözdən əlil olan insanlara həssas yanaşılır və onların cəmiyyətə inteqrasiyası üçün müxtəlif işlər həyata keçirilir. Azərbaycanda dövlətin bu sahəyə diqqətinin bariz nümunəsi Qafqazda ən böyük oftalmoloji müəssisəsi olan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyətidir.
2005-ci ildən burada yaradılan Səyyar Klinikada 22 min nəfərə yaxın xəstə müayinədən keçirilib ki, onlardan 2500 nəfərinin üzərində uğurlu əməliyyatlar aparılıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların istifadəsi görmə orqanının anatomik və funksional parametrlərinin daha dürüst öyrənilməsini mümkün edib ki, bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturlarında aparılan cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəldib.
Mərkəzin Səyyar Klinikası müasir diaqnostik və cərrahi oftalmoloji avadanlıqla, muxtar elektrik, istilik, kondisioner sistemləri ilə təchiz edilmiş iri qabaritli avtomobil olaraq, hər bir şəraitdə işləyə bilir. Burada xəstənin müayinəsi və cərrahi əməliyyatının aparılması üçün bütün imkanlar yaradılıb. Bu klinika ölkəmizin ən ucqar rayon və kəndlərinə müntəzəm şəkildə gedərək, əhaliyə yüksək ixtisaslı, müasir texnologiyalı cərrahi və terapevtik oftalmoloji yardım göstərir, Bakı şəhərində müxtəlif müəssisələrdə, məktəblərdə, uşaq bağçalarında kontingentin dispanser müayinəsini aparır.