BAKI, 12 noyabr – Sputnik. Amerika Kosmik Agentliyi NASA və Uber on-line taksi xidməti birlikdə uçan taksilərin yaradılması üzərində çalışmaq niyyətindədir.
Uber-in istehsalat şöbəsinin direktoru Ceffri Holdenin sözlərinə görə, tərəflər bu istiqamətdə birgə iş haqqında müqavilə imzalayıblar.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu taksilərin sınağına 2020-ci ildə başlanacaq. Holdenin sözlərinə görə, Uber Air taksi xidməti digər taksilərlə müqayisədə gün ərzində daha çox reys edəcək.
Şirkətin nümayəndəsi bildirib ki, ilk uçan taksilər Los-Ancelesdə görünəcək.
Məlumata görə, Uber aşağı hündürlükdə uça bilən şaquli qalxıb-enmə maşınları əldə etmək istəyir. NASA isə digər şirkətlərlə uçan avtomobillərin yaradılması üzərində çalışır.
Daha əvvəl Dubay hökuməti bildirmişdi ki, yeni növ ictimai nəqliyyat buraxmaq niyyətindədir. Bu isə pilotsuz uçan taksilərdir. Bu minvalla hakimiyyət sürətlə inkişaf edən şəhərlərdə yol hərəkəti zamanı yaranan sıxlıq problemini həll etmək istəyir.