BAKI, 10 noyabr — Sputnik. Bəşəriyyəti əhalinin və enerji istehlakının artması nəticəsində fəlakət gözləyir. Sputnik Azərbaycan New York Post-a istinadla xəbər verir ki, bunu dünya şöhrətli alim Stiven Hoking (Stephen Hawking) bildirib.
"2600-cü ildə Yer bir od şarına çevrilə bilər" — deyə Hoking bildirib. O qeyd edib ki, insan sivilizasiyasının məhvindən qaçmaq üçün həyatın mövcud olduğu bir planet tapmaq lazımdır.
Məşhur fizik hesab edir ki, həmin planeti tapmaq üçün Alfa Sentavra planetinə qədər uçmaq lazımdır. Bu, Günəş sisteminə yaxın ulduzdur və böyük ehtimalla onun ətrafında həyatın mövcud olduğu "ehtiyat" planetlər var. Əgər bu ehtimal özünü doğrultsa, bəşəriyyət öz mövcudluğunu daha milyon il uzada bilər. Alim bu fikirlərini Pekində keçirilən Tencent WE sammitində səsləndirib.
Hoking bəyan edib ki, onun "Breakthrough Starshot" layihəsinə investorların dəstəyi lazımdır. Bu layihə çərçivəsində hazırlanmış işıq sürəti ilə uçan aparat Alfa Sentavraya 20 ilə çata bilər.
Alfa Sentavra ulduz sisteminin planetlərinin orbitindən ilk görüntülər 21-ci əsrin ikinci yarısında əldə ediləcək.