İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 10 noyabr — Sputnik. "Biz insan alveri qurbanları ilə söhbət edəndə maraqlı bir fakt aşkarladıq. Bölgələrdən Bakıya təhsil almaq üçün gələn qızlar çox zaman kirayə evlərdə qalırlar və onların qaldıqları evlər çox zaman insan alverçilərinin evi olur". Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova bildirib.
Onun sözlərinə görə, valideynlər çox zaman uşaqlarının qaldığı evlərin sahiblərinin kim olduğundan xəbərsiz olur: "Valideynlərə məsləhət vermək istərdim ki, uşaqlarınız üçün kirayə ev tutanda, mütləq ev sahibini araşdırın. Çünki tələbə qızlar üçün olan kirayə evlərin çoxu belə adamlara məxsus olur. Onlar qızları pul, şirin dil, aldatma yolu ilə qurbana çevirə bilər. 18-19 yaşlı qızlar məsum olurlar və tez aldanırlar. Buna görə də, valideynlər məsuliyyətli olmalıdır. Çünki onların uşaqları potensial insan alveri qurbanıdır. O insan alverçisinin əlinə düşə bilər. Bundan sonra şəkillər və videolarla şantaj, asılılıq, köləlik başlayır. Sonra qız insan alveri qurbanına çevrilir. Ev sahibi onu şantaj edir ki, əlimdəki bu sənədləri, videoları, şəkilləri valideynlərinə çatdırmağımı istəmirsənsə, mənim dediyimi etməlisən, bu ölkədə bu işi görməlisən".
Balabəyova bildirir ki, Bakıya oxumaq üçün gələn qızlar özləri də bilmədən insan alveri qurbanına çevrilirlər. Bu səbəbdən də valideynlər diqqətli olmalıdır.