Kamran Əliyev, DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki
BAKI, 10 noyabr — Sputnik. Son günlər ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrində piyadaların vurulması hallarının artmasını müşahidə edirik və bu qəzalar əsas etibarı ilə günün alatoranlıq və qaranlıq vaxtlarına, yəni saat 17-19 aralığına təsadüf edir. Sözsüz ki, bu müddət insanların ən çox işdən çıxaraq evə getdikləri vaxtdır. Piyadalarımızın əksəriyyətinin yolu keçmək vərdişləri isə hamıya bəllidir. Xüsusilə də tələsəndə. Əlbəttə, evə tələsənləri anlamaq olar. Hər bir kəs çalışır ki, evinə tez gedib balalarının və ya valideynlərinin yanında olsun, istirahət etsin, dincəlsin, ev işlərini görsün.
Lakin bəzən onun evə tələsərkən qənaət etmək istədiyi çox kiçik zaman kəsiyi onu doğmalarından ya birdəfəlik ayırır, ya da uzun zaman müalicə almaq üçün xəstəxana çarpayısına məhkum edir. Özü də əziyyət çəkir, yaxınları da, xüsusilə də bu şəxs ailə başçısı, daha doğrusu evin dolanışığı üçün qazanc gətirən şəxs olduqda.
Qalır sadəcə bircə dəfə yaxşı-yaxşı düşünüb bu istəyi birdəfəlik öz şüurumuza həkk etdirmək. Və təkcə özümüzün yox, bütün yaxınlarımızın, əzizlərimizin, doğmalarımızın. Yəni, ən azı hər gün səhər-səhər evdən çıxana "Yolda tələsmə, diqqətli ol, yalnız piyada keçidindən keç" deməklə bu hərəkətlərin vacibliyini onların şüuruna yeritmiş olarıq. Yalnız özümüzə və onlara bu vərdişləri tam aşıladığımız təqdirdə nə anaların gözü yaşlı qalar, nə balalar yetim böyüyər, nə də ki, kimsə canından olar.