BAKI, 10 noyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfərə gedib.
Sputnik Azərbaycan dövlət başçısının saytına istinadən xəbər verir ki, əvvəlcə dövlət başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Ardınca İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib. Dövlət başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsdi və bina ilə tanış olub.
Azərbaycan Prezidenti “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə tanış olub və“Bravo” supermarketində şirniyyatın dadına baxıb. İlham Əliyev səfər çərçivəsində “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında da iştirak edib.
Dövlət başçısı “Majestic Palace” otelinin tikintisi ilə tanış olub.
Prezident İlham Əliyev İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışında iştirak edib.
Dövlət basmışı Mirzə Şəfi Vazeh muzeyinin, görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının açılışında iştirak edib.
Prezident səfəri zamanı 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib.