BAKI, 8 noyabr — Sputnik. 2018-ci ilin dövlət büdcəsinin gəlirləri, həm də xərcləri artımla proqnozlaşdırılıb. 2018-ci il dövlət büdcəsinin gəlirləri 2017-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 20,0% çox, dövlət büdcəsinin xərcləri isə 16,5% çox proqnozlaşdırılıb. 2018-ci ildə gəlirlərin ÜDM-ə nisbətinin 29,0%, xərclərin isə ÜDM-də xüsusi çəkisinin 30,1% olması nəzərdə tutulub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu noyabrın 8-də Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, növbəti 3 ildə bu nisbətlərin tədricən azalması nəzərdə tutulur. Bu da ÜDM-in daha sürətli artım tempi ilə proqnozlaşdırılması hesabınadır: "Növbəti ilin budcə layihəsində vahid xəzinə hesabının qalığının istifadəyə verilməsindən 4,0 mln.manat vəsait nəzərdə tutulur. Xatırlatmaq istərdim ki, 2016-cı ildə bu mənbə üzrə nəzərdə tutulmuş vəsaitə qarşı 6,0 dəfə çox, 2017-ci ildə nəzərdə tutulmuş illik proqnoz məbləğindən 38,5% çox vəsait daxil olub. Qeyd olunanlara əsasən, vahid xəzinə hesabının qalığının istifadəyə verilməsindən daxilolma məbləğinin yüksək olacağı gözlənilir".
O, bildirib ki, Hesablama Palatasına daxil olan məlumatlara əsasən, nizamnamə fondunda (kapitalında) dövlətin payı olan 2 mindən artıq kommersiya hüquqi şəxslər mövcuddur: "Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə bunlardan 14-ü gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinə aid edilib. Bu şirkətlərin 01.01.2017-ci il tarixə kifayət qədər böyük nizamnamə fondu (kapitalı) olduğu, həmin şirkətlərə dövlət büdcəsindən (əsasən investisiya xərclərindən və ehtiyat fondlarından) və eyni zamanda dövlət zəmanətli kreditlərdən böyük məbləğlərdə vəsaitlər ayrıldığı halda, dövlət büdcəsinə dividendlər hesablanmır və ödənilmir. Bu məsələnin də diqqətdə saxlanması hesab edirik ki, çox vacibdir".
Hesablama Palatasının sədri deyib ki, 2018-ci ildə son illərdə azalma ilə proqnozlaşdırılmış dövlət investisiya xərclərində nəzərəçarpacaq artım proqnozlaşdırılıb: "Bu da büdcə gəlirlərinin və iqtisadi aktivliyin gücləndirilməsində mühüm rol oynayacaq. Vurğulamaq istədiyim ikinci məqam publik hüquqi şəxslərlə bağlıdır, belə ki, növbəti ildə dövlət idarəetmə strukturunu təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə yaradılmış publik hüquqi şəxs kimi fəaliyyət göstərən bir sıra dövlət idarəetmə təşkilatlarının saxlanmasına, eləcə də büdcədənkənar gəlir və xərclərinə növbəti ildən vəsait nəzərdə tutulmamasıdır. Növbəti ilin dövlət büdcəsində ilk dəfə olaraq "İşsizlikdən sığorta haqqında" Qanunun qüvvəyə minməsi ilə əlaqədar fəaliyyətə başlayacaq bu sistemdə dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə sığortaedənin payının maliyyələşdirilməsi ilə bağlı vəsait proqnozlaşdırılıb".