Ülkər Abdullayeva: “Azərbaycanda intihar edən kişilərlə qadınların sayı bərabərləşir”
“Azərbaycanda 2016-cı ildə intihar edənlərin statistikasına baxanda görürük ki, intihar edən kişilərlə qadınların sayında bərabərlik yaranmaq üzrədir”. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransında “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva deyib.
“Qadınların sosial-psixoloji vəziyyətinə sosial şəbəkələr çox böyük təsir göstərir. Qadınların sosial şəbəkələrdə qurduqları tanışlıqlar bir çox hallarda ailələrinin dağılmasına, onların şantaja məruz qalmasına səbəb olub. Son illərin statistikasında intihar edən qadınların sırf sosial şəbəkələrdən qaynaqlanan problemlərə görə intihar etdiyi məlumdur” — deyə o bildirib.