BAKI, 6 noyabr — Sputnik. Britaniya və Norveç alimləri mədə-bağırsaq xəstəlikləri, o cümlədən xərçəng zamanı qəbulu vacib olan qidaların adlarını açıqlayıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, Britaniyanın Uorik Universitetinin apardığı tədqiqatın nəticələrini Nature Communications açıqlayıb.
Nar, qırmızı üzüm, armud, göbələk, mərcimək, soya və yaşıl noxud mədə-bağırsaq xəstəliklərinin profilaktikasında xüsusi effektə malikdir. Alimlərin sözlərinə görə, sözügedən qidalar bədəndə iltihab prosesinin inkişafının qarşısını alaraq autofaqiyaya (hüceyrənin daxilində, yenilərilə əvəz olunmuş köhnə orqanoidlərin (məs. mitoxondri və s.), zülal və digər maddələrin həll olması, bir sözlə lazım olmayan, xüsusi zərərli komponentlərdən ibarət hüceyrələrin məhv edilməsidir — red.) müsbət təsir göstərir.
Alimlər bu qənaətə autofaqiyanın normal mexanizminin təsirlərini müəyyənləşdirərkən gəliblər. Autofaqiya düzgün işləməyəndə, belə zülallar toplanır və iltihaba təhrik edir.