Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 7 noyabr — Sputnik. Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixində imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamından sonra qanunvericilikdə bir sıra cəzaların yüngülləşdirilməsi prosesinə start verilib. Milli Məclisdə Cinayət Məcəlləsinin 121-ci maddəsinə (Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) azadlığın məhdudlaşdırılması bəndi əlavə edilib. Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilən yeni qanuna əsasən, ananın yeni doğduğu uşağı, doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi – 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maraqlıdır, həm dünyəvi, həm də dini qanun və qaydalar insan həyatını ən yüksək məqam kimi qəbul edir, insan həyatına qəsdin yolverilməz olduğunu vurğulayır. Dünya ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qəsdən adam öldürmə ən yüksək cəza ilə cəzalandırılır. Bəzi ölkələrdə bilərəkdən qətl törədənlər barəsində hətta ölüm hökmü çıxarılır. Belə olduqda, ananın yeni doğduğu körpəsini öldürməsinə görə cəzanın yüngülləşdirilməsi, hansı zərurətdən doğub? Bu dəyişiklik cəmiyyət üçün hansı nəticələrə gətirib çıxaracaq?
Psixoloq Günel Aslanova Sputnik Azərbaycan-a bildirib ki, qərb ölkələri də cinayət məcəlləsində cəzaları yüngülləşdirirlər: "Qərb ölkələrində düşünürlər ki, ağır cinayət törədən insana ağır cəza verməklə bir nəticə əldə etmək olmaz. Ona görə də humanist yanaşırlar və cəzanı yüngülləşdirirlər".
"Bu qanuna dəyişikliyi də müsbət qarşılayıram. Nəzərə almaq lazımdır ki, öz övladını öldürən qadının psixoloji problemi olur. Belə qadına ağır cəza vermək əvəzinə, ona kömək etmək lazımdır. Aydın məsələdir ki, cəmiyyətdə həbsdə olan qadınlara birmənalı baxmırlar. Həbsxana həyatı keçirən qadın həm cəmiyyət, həm övladları tərəfindən qəbul edilməyəcək bir şəxsə çevrilirlər. Eyni zamanda, belə qadınlar ilə kişilərin əksəriyyəti ailə qurmaq istəmir, bir çox sahibkar onlara iş vermir. Onu da unutmamalıyıq ki, həbsdə yatan insanların əksəriyyəti bir müddətdən sonra aqressivləşir və azadlığa çıxandan sonra daha ağır cinayət hadisələri törədə bilirlər" – deyə psixoloq əlavə edib.
"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva qeyd edib ki, cinayəti törədən zaman psixi durumu normal olmayan, affekt halında olan şəxslərin, ruhi xəstələrin törətdiyi cinayətlərə cəza tətbiq olunarkən, onun xəstəliyi və cinayəti törətdiyi andakı halı nəzərə alınır: "Həmin şəxslər bəzən tamamilə, bəzən də qismən cəzadan azad edilir, xüsusi rejimli dispanserlərdə müalicə olunur, ətrafdan təcrid edilir. Belə hallarla bağlı cəzaların yüngülləşdirilməsi normaldır. Lakin səhhətində ciddi problem olmayan, müxtəlif səbəblərdən yeni doğulmuş körpəsini öldürən analar da var. Onlar bəzən kimlərinsə təzyiqi altında, bəzən uşağın qeyri-qanuni doğulmasının gələcəkdə özünə problemlər yaradacağını düşünərək, bəzən də uşağın ağır xəstə olduğunu bəhanə gətirərək uşaqlarına qıyırlar. Özünün, ərinin və ya ailəsinin qız uşağı istəməməsi səbəbindən yeni doğulmuş qız uşağını öldürən analara da rast gəlinir. Əksinə, belələrinə qarşı cəzalar ağırlaşdırılmalıdır".
"Dünyaya gələn hər bir uşaq insandır və onu bilərəkdən öldürməyin bədəli ağır ödənməlidir, fərqi yoxdur, onu öldürən öz doğma anasıdır, ya bir başqasıdır. Çünki belə hallarda cəzasızlıq, yaxud yüngül cəza bu qəbildən olan cinayətlərin sayının artmasına gətirib çıxara bilər" – deyə Abdullayeva əlavə edib.
Hüquqşünas Adəm Məmmədovun sözlərinə görə, cəzadan daha çox hadisənin mənəvi hissəsinə diqqət yetirilməlidir: "Dünyada ən vəhşi heyvan belə, balasını qoruyur. Belə hərəkət edən qadın da psixoloji problemlidir".
Vəkil qeyd edib ki, 121-ci maddəyə edilən dəyişikliyin elə də əhəmiyyəti olmayacaq: "Azərbaycanda demək olar bu maddə ilə cinayət işi aparılmayıb. Çünki bu maddə ilə cinayətə cəlb olunan demək olar ki, yoxdur. Nə mənim, nə tanıdığım həmkarlarımın iş praktikasında belə halla üzləşməmişik".