CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kişi həyat yoldaşını satıb, valideynlərinə isə deyib ki…

CC BY 2.0 / Walt Stoneburner / She Captured My HeartСилуэт женщины, фото из архива
Силуэт женщины, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qızlar daha çox yaxın qohumları tərəfindən insan alveri qurbanına çevrilir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 7 noyabr — Sputnik. İnsan alveri qurbanı dedikdə, çox zaman ilk olaraq ağıla cinsi istismara məruz qalan qadınlar gəlir. Əslində isə əməyin istismarı, uşaqların fahişəliyə cəlb edilməsi, orqan transplantasiyası və s. nəzərdə tutulur. Qeyd edək ki, statistikaya görə, bu il insan alveri qurbanlarının sayında cüzi artım müşahidə edilib.

Sputnik Azərbaycan insan alveri qurbanlarına göstərilən yardımlar, onların qarşılaşdığı problemlər, insan alveri qurbanına çevrilmə yolları və s. ilə bağlı İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova ilə müsahibə götürüb.

© Sputnik / Irade JELILİnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova - Sputnik Azərbaycan
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova

- Nəzakət xanım, 9 ay ərzində müraciət edən insan alveri qurbanları haqqında məlumat verməyinizi istərdim.

— Bizə Daxili İşlər Nazirliyindən daxil olmuş siyahıya görə, 9 ay ərzində bu statusu almış 58 insan alveri qurbanı var. Bu hesabata görə, 9 ay ərzində 23 potensial insan alveri qurbanı qeydə alınıb. Bunlar yetkinlik yaşına çatmayanlar, məişət zorakılığına məruz qalmış şəxslərdir. İnsan alveri qurbanlarının sayında cüzi artım müşahidə edilib. Bu əsasən cinsi istismarda müşahidə edilib. Cinsi istismara daha çox 18-25 yaşlı qızlar məruz qalıb. Onlar xarici ölkələrə gedərək insan alveri qurbanına çevriliblər. Qızlar adətən aldadılaraq, təhsil məqsədilə, evlənmək məqsədilə xarici ölkələrə gedərək insan alveri qurbanına çevrilib. Aralarında dəfələrlə gedib və sonda qurbana çevrilənlər də var. Biz çalışırıq ki, onlar bir daha o yola qayıtmasın. Aralarında həqiqətən peşman olanlar var. Amma biz insanların düşüncəsini dəyişə bilmərik.

- Vətəndaşlarımız daha çox hansı ölkələrdə insan alveri qurbanına çevrilir?

— Ən çox əlləri çatdığı ölkələr Rusiya və Türkiyədir. Əvvəllər bu sırada Dubay da var idi. Amma indi Dubay yoxdur. Əsas istismar əməyin istismarı və cinsi istismar Rusiya və Türkiyədədir.

- Uşaqların cinsi istismara uğraması faktları varmı?

— Çox zaman hesabatlarda uşaq cinsi istismarı və uşaq əməyinin istismarı da göstərilir. Amma Azərbaycanda bu günə qədər uşaqların fahişəliyə məcbur edilməsi ilə bağlı statistika yoxdur.

- Necə düşünürsünüz, bu qeydə alınmayıb, yoxsa başqa səbəb var?

— Aşkarlanmayıb. Çünki fərqli situasiyalar olur. Milli mentalitetə görə uşaqlar özləri, onların yaxınları belə məlumatların işıqlandırılmasını istəmir. Buna görə də, insan alveri qurbanı olan uşaq yoxdur. Amma potensial insan alveri qurbanı uşaq var. Bunlar küçə uşaqları, kimsəsiz uşaqlar, internat evlərindən çıxmış uşaqlar, ailədaxili zorakılığa məruz qalmış uşaqlardır. Ötən il 15 yaşlı qız var idi. Onun anası alkoqol aludəçisi idi və həyat yoldaşından ayrılmışdı. Qadının oğlu onu evdə başqa kişilərlə içki içdiyini görüb mübahisə etmişdi. Qadın da öz oğlunu öldürüb həbs edilmişdi. Qız isə "bomj" həyatı keçirən atası ilə birlikdə yaşayırdı. Ata qızını aparıb rayonlardan birinə qoyub gəlmişdi. Qız İcra hakimiyyəti tərəfindən foster ailəyə verilmişdi. Qız ailədə psixoloji zorakılığa məruz qaldığı üçün Bakıya qaçmışdı. Qızın bütün sənədləri rayonda qalmışdı. Biz himayədar ailəyə zəng edib soruşanda ki, sizin övladlığa verilən qız varmı, bizə bildirdilər ki, bəli İcra Hakimiyyəti tərəfindən onların himayəsinə bir qız verilib və qız hazırda məktəbdədir. Halbuki, qız yanımda oturmuşdu. Biz qıza himayəçi tapdıq, hazırda qız məktəbdə oxuyur və ali məktəbə hazırlaşır. Bu bizim milli istiqamətləndirmə mexanizminin yoludur.

İnsanlar bu sahəni bilmədiyi üçün çox zaman insan alveri qurbanı dedikdə, ancaq cinsi istismar haqqında düşünürdü. Bizim bölgələrdə keçdiyimiz maarifləndirici tədbirlərin nəticəsidir ki, insan alveri qurbanı dedikdə, əməyin istismarı, orqan transplantasiyası və s. haqqında da düşünürlər. "İnsan alveri qurbanı kimdir?" sualını qaldıran zaman inanın ki, əhali tərəfindən çox sayda qonşuda, qohumda olan hadisələr haqqında məlumatlar verilir. Biz o ailələrlə görüşürük. Onların probleminin həllində yardım etməyə çalışırıq. Məsələnin yaxşı tərəfi odur ki, artıq əhalidə "insan alveri" haqqında müəyyən məlumatlar var. Və bu tək Bakıda deyil, ətraf rayonlarda da özünü göstərir.

Hazırda Göyçayda "İnsan alveri qurbanların Reablitasiya" mərkəzi açılır. Bundan başqa, Lənkəran. Quba və Gəncədə belə mərkəzlərimiz olacaq. Bizim statistik məlumatlara nəzər salanda görürük ki, hadisələr daha çox sadalanan 3 rayonda qeydə alınır. Göyçay mərkəzi isə daha çox Ucar, Kürdəmir, Yevlaxla yaxın olduğuna görə fəaliyyət göstərəcək.

- Bəs insan alveri qurbanları sizə müraciət etməkdə maraqlıdırmı?

— İnsan alveri qurbanları ilə ünsiyyət qurmaq çox çətindir. Onlar çox problemlərlə üzləşdiyinə görə, bəzi insanların onlara qarşı yalan danışması, aldatmasına baxmayaraq, dövlət təşkilatı olsaq belə, bəzən bizə də inanmırlar. Amma bizim psixoloqlar, sosial işçilər reabilitasiya kursu aparandan sonra onları cəmiyyətə reinteqrasiya məqsədilə təşkilatımıza yönəldirik və onları işlə təmin edir, onların ailələri ilə görüşürük. Çalışırıq ki, onlar daha bu yola qayıtmasın. Amma deyək ki, biz buna 100 faiz nail oluruq, yox. İnsan alveri qurbanlarının təqribən 20 faizi dövlət tərəfindən ayrılmış bir dəfəlik 400 manat müavinəti aldıqdan sonra bütün xidmətlərdən imtina edir. Biz onlara xidmət təklif edə bilərik, onları məcbur edə bilmərik.

- Qızlar daha çox hansı yolla insan alveri qurbanına çevrilir?

— Qızlar xarici ölkələrə təhsil, evlilik, dayə xidməti və turizmlə bağlı gedib, insan alveri qurbanına çevrilirlər. Əhali arasında belə bir anlayış var ki, onlar bilirdilər hara gedirlər. Bu çox səhv anlayışdır. Heç kimi qınamaq, heç kimə sən hara getdiyini bilirdin, demək olmaz.

Qızlar daha çox yaxın qohumları tərəfindən insan alveri qurbanına çevrilir. Anaları, xalaları, qayınanaları bəzi qızları bu yol salır. Biz keçən il əvvəl qadın koloniyasında sırf insan alverçiləri ilə görüşdük. Həmin görüşdə 15-20 nəfər qadın vardı. Və onların çoxu bir-biri ilə qohum idi. Biz onlardan soruşanda ki, "niyə insanları bu yola salmışınız", cavab verdilər ki, "Bbzim günahımız yoxdur, onlar hara getdiklərini bilirdilər, getməyəydilər".

İnsan alveri qurbanı olmaqdan heç kim sığortalanmayıb. Praktikada belə bir hadisə olub ki, oğlan qızla evlənəndən sonra xaricə gəzməyə gedib. Qayıdanda qızın ailəsinə deyib ki, sizin qızınız yaxşı yolun yolçusu deyil və o qaldı, gəlmədi. Əslində isə oğlan öz arvadını satıb gəlibmiş. Belə hadisələr təkcə Azərbaycanda deyil, Türkiyədə də var.

Ancaq qeyd etməliyəm ki, insan alverinin daha çox mövcud olduğu dövr 2007-2008-ci illər idi. Çünki qanun 2005-ci ildə qüvvəyə minmişdi. İnsanlar məlumatsız idi. Həmin dövrlərdə Dubaya gediş-gəliş çox idi. İndi həm insan alverçiləri məsuliyyətlərini, həm də buna bilərəkdən gedənlər öz hüquqlarını bilirlər. Artıq insanlara xaricdən iş təklifi gələndə belə, bizə müraciət edirlər. Biz söhbət edir, vəziyyəti araşdırıb, yardım edirik.

- İnsan alveri qurbanlarının tibbi yardıma ehtiyacı olarsa, bu yardım necə göstərilir?

— Əvvəllər insan alveri qurbanının tibbi yardıma ehtiyacı olanda biz göndəriş verirdik, həmin şəxs özü tibb müəssisəsinə müraciət etməli olurdu. Və sonra o bizə müraciət edirdi ki, mənə pis baxırlar, məni təhqir edirlər.

Belə məsələlərdən sonra biz Beynəlxalq Miqrasiya ilə qərar verdik ki, təlim keçirək. 3 gün Bakıda və kaskad olaraq da bir sıra rayonlarda səhiyyə işçiləri üçün təlim keçdik. Və səhiyyə işçiləri üçün əl kitabı hazırladıq. Onlara etik davranış, nə demək olar, nə demək olmaz, müraciət formaları izah edildi.

Noyabrın ortalarında yenə Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə insan alveri qurbanlarına xidmət göstərən psixoloqlar üçün təlim keçəcəyik və kaskad olaraq bu, bölgələrdə də həyata keçiriləcək. Amma daha belə problemlərlə qarşılaşmırıq. Məsələn elə bir situasiya ilə qarşılaşmışıq ki, insan alveri qurbanı hamilə olub və o uşağını dünyaya gətirmək ərəfəsindədir. O utanır, ona elə gəlir ki, hamı onu tanıyacaq, vəziyyətini biləcək. Sosial işçilər mərkəzin adından verilən bir göndərişlə Səhiyyə Nazirliyinin bir qurumuna yönləndirilir və həmin xanım pulsuz və qınaq obyekti olmadan doğuşu keçirir.

- Sığınacağa ehtiyacı olan insan alveri qurbanlarına necə yardım göstərilir?

— Sığınacağa ehtiyacı olan insanları qeyri-hökumət təşkilatı olan Təmas təşkilatına göndəririk. Bizim qurumun sosial işçiləri və ya hüquqşünası həmin şəxsləri bütün yol boyu müşayiət edir. İnsan alveri qurbanları həmin sığınacaqlarda qalmaqla yanaşı, reabilitasiya da edilirlər. Sığınacaqlarda qalma müddəti fərdi iş planına uyğun həyata keçirilir. Elə insanlar var ki, onların tibbi yardıma da ehtiyacı olur. Belə olan vəziyyətdə biz onları xəstəxanalara göndəririk. Bu yaxınlarda potensial insan alveri qurbanlarından biri Zərifə Əliyeva adına Göz klinikasında əməliyyat edildi. Yəni, bizim təşkilat tibbi-sosial və psixoloji problemlərin həllində insan alveri qurbanlarına və potensial insan alveri qurbanlarına yardım edir. Bizim xidmətlərimiz pulsuzdur və dövlət büdcəsindən maliyyələşir. Hər bir vətəndaş, Azərbaycan və Azərbaycanda yaşayan digər ölkə vətəndaşlarına xidmət edirik.

- Gəncləri insan alveri qurbanı olmaqdan cəmiyyət olaraq necə qorumalıyıq?

— Bu barədə çoxlu televiziya proqramları olmalıdır. Əhali də bu məsələyə həssas yanaşmalıdır. Necə ki, biz AİDS, vərəm və digər xəstəliklər haqında məlumatlıyıq, bunun haqqında da məlumatlı olmalıyıq. Bu da bir xəstəlikdir, mənəvi xəstəlikdir. Yaxşı olardı ki, həftədə bir dəfə insan alveri ilə bağlı tok-şoular keçirilsin. Belə olarsa, gənc bu məsələləri də dərindən bilə bilər. İkinci bir məsələ xarici gedən vətəndaşlar pasportunun bir surətini evdə qoymalı, birini özü ilə götürməlidir. Pasportu heç kimə vermək olmaz. Unutmamaq lazımdır ki, heç kim, heç kimə boş yerə pul vermir, heç kim, heç kimə elə belə iş tapmır, heç kim heç kimi boş yerə gözləmir. Hər bir məsələdə səbəb və məqsəd var. Dostlarınızın dostları, qonşularınızın qonşuları sizə canfəşanlıq edirsə, xaricdə iş təklif edirsə, artıq bu sizə bir siqnal olmalıdır. Xüsusən də gözəl və cavansınızsa, daha diqqətli olmalısınız.

Xəbər lenti
0