BAKI, 7 noyabr — Sputnik. Bu il Bakıda alternativ teleqüllə istismara veriləcək. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bunu Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin direktoru Mikayıl Abbasov AzTV-yə müsahibəsində deyib.
O, bildirib ki, tikinti işlərinin 80 faizi artıq yekunlaşıb: "İlin sonuna qədər həmin teleqüllədən yayım imkanı əldə ediləcək. Üç aydan bir profilaktika işləri görülməlidir. Bu işlər görüləndə əhali arasında haqlı narazılıq olur. Həmin gün efir tam boş qalır. Milli Televiziya və Radio Şurası bununla bağlı bizə haqlı iradlarını bildirib. Bu olmasın deyə, profilaktik iş aparılarkən alternativ teleqüllə vasitəsilə Bakı və Abşeron yarımadasında yayımı tam şəkildə həyata keçirə biləcəyik”.
Abbasov qeyd edib ki, yeni alternativ teleqüllənin inşası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarına uyğun olaraq həyata keçirilir.