BAKI, 6 noyabr — Sputnik. Azərbaycanın bütün silahlı qüvvələri üçün yeni “Rəşadət” ordeni təsis edilir.
APA-nın məlumatına görə, ordenin təsdiq olunması ilə bağlı layihə prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub.
Layihəyə görə, “Rəşadət” ordeni Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara aşağıdakı xidmətlərinə görə təqdim olunacaq:
— Əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;
— Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
— Fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;
— Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə və sair bu kimi xidmətlərə görə verilir.
Layihədə bildirilir ki, “Rəşadət” ordeninin 3 dərəcəsi var. 1-ci dərəcəli “Rəşadət” ordeni ən yüksək dərəcədir.
Layihə Milli Məclisin noyabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.