BAKI, 6 noyabr — Sputnik. Uzun müddətdir ki, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 30A, 36A, 36B, 36V, Şəhriyar küçəsi 5, Əhməd Cəmil küçəsi 23, 25, 27 ünvanı sakinləri ilə "Elite City" tikinti şirkəti arasında problem yaşanır. Bu gün isə həmin problem pik həddə çatıb. Sakinlərdən biri ətrafdakı binanın damına çıxaraq tələbləri yerinə yetirilməyəcəyi təqdirdə özünü oradan aşağı atacağını bildirib.
Sakinlər həyətlərində yeni çoxmərtəbəli binanın tikilməsinə razı deyillər və bununla tikinti qaydalarının pozulduğunu düşünürlər: "Şirkət bu gün həyətdə olan su anbarını artıq söküb və beləliklə, tikinti prosesinin növbəti mərhələsi başlayıb".
Qonşular deyir ki, ərazidə problemlər mart ayında ağacların kəsilməsi ilə başlayıb. Sonradan məlum olub ki, Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başıçısı İbrahim Mehdiyev ərazidə 14 mərtəbəli, iki bloklu binanın tikilməsi üçün sərəncam veribmiş.
Ərazi sakini Emil Abbasovun bildirdiyinə görə, Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verdiyi məktuba əsasən, ərazidə bina tikilməsinə sərəncam verib. Sonradan ərazi sakinləri Komitəyə müraciət ediblər. Araşdırma aparıldıqdan sonra Komitədən Yasamal Rayon İcra Hakimiyyətinə, ərazidə çoxmərtəbəli binanın tikintisinin məqsədəuyğun olmadığı tövsiyyə edilib.
Məsələ ilə bağlı "Elite City" tikinti şirkətinin direktoru Rəfael Mirzəyev Sputnik Azərbaycan-a açıqlama verib. Mirzəyevin sözlərinə görə, sözügedən ərazidə tikinti işlərinin aparılması üçün müvafiq qurumların icazəsi, rəyləri və sərəncamı var: "Artıq məhkəmə qərarı da var ki, qonşu sakinlərin əraziyə müdaxilə etməsi qadağan edilsin. Bu qərardad bizdə də, polisdə də, icrada da var. Yaxınlıqda yaşayan sakinlər bizim işimizə maneçilik törədirlər. Bundan sonra nə qərar çıxacaqsa, ona tabe olacağıq. Çünki bütün şirkətlər və vətəndaşlar dövlətin qanunlarına tabedir. Amma fakt olaraq hazırda mən dövlət qarşısında üzərimə götürüdüyüm işin icrası ilə məşğulam. Heç bir qanunsuz iş görmürəm. Bu dövlət layihəsidir. Evlərini sökdüyümüz insanları kirayəyə çıxarmışıq və öhdəliyimiz var ki, 18 ay müddətində onları yeni mənzillə təmin edək. Onları təmirli evə qaytarmalıyıq. Yaxınlıqda yaşayan vətəndaşların müdaxiləsi qanunsuzdur".