İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 6 noyabr — Sputnik. Azərbaycanda hər il avtomobil qəzasında mindən çox insan dünyasını dəyişir. Yol polisləri, yollara quraşdırılan kameralar, müxtəlif işarələr, tətbiq edilən sərt cərimələr, cəzalar belə, insan ölümlərinin sayının azalmasına kömək etmir.
Ölümlə nəticələnən ilk avtomobil qəzası 1896-cı ildə baş verib və elə o zaman insanlar anlamışdı ki, avtomobil yalnız faydalı və sürətli nəqliyyat növü deyil, eyni zamanda təhlükədir. Zaman keçdikcə, avtomobil qəzalarının sayının azaldılması üçün müxtəlif tədbirlər görülsə də, bunun qarşısını tamamilə almaq mümkün olmur. Avtomobil qəzalarının ən müxtəlif səbəbləri var. Yuxusuzluq, yorğunluq, aqressivlik, xəstəlik, içkili olma, narkotik vasitələrdən istifadə, özünə qarşı hədsiz inam, sürət həddinin aşılması, diqqətsizlik, hava şəraiti, avtomobilin anidən sıradan çıxması və s. kimi hallar avtomobil qəzalarının baş verməsinə səbəb olur.
Nəqliyyat eksperti Məzahir Rüstəmli bildirir ki, çox zaman sürücülər qanunvericilikdəki bəzi müddəalarla razılaşmasalar da, aparılan araşdırmalar zamanı məlum olub ki, sükan arxasında diqqətsiz davranma, fikirli olmaq, yollarda olan plakatlar, telefon zəngi və ya mesajı, yolda baş verən hər hansı hadisə ilə maraqlanıb, sürəti kəskin azaltma və s. bu kimi vəziyyətlər qəzaya səbəb ola bilər:
"Diqqətsiz davranışa səbəb yorğunluqdur. Avtomobildə digər sərnişinlə söhbət etmək, uşaqlarla maraqlanmaq, radiodan istifadə etməyə, nəsə oxumağa çalışmaq qəza ilə nəticələnir. Sürücünün yuxusuz olması isə ikinci ən böyük qəza səbəbidir".
Ekspertin sözlərinə görə, araşdırmalar nəticəsində qəzaların daha çox axşam saat 21.00 və səhər saat 8.00 arasında baş verdiyi müəyyən edilib. Qəzaların 30 faizi spirtli içki qəbul edən sürücülər tərəfindən törədilir. Bu rəqəm həftəsonu daha da artır.
Ekspert bildirir ki, avtomobil qəzalarının digər səbəbi yüksək sürətlə idarəetmədir. Sürücülər sürəti 70-dən 100-ə qaldıranda qəza baş verə bilər. Qəzaların 70 faizi 70-100 arası sürətlə hərəkət zamanı baş verir:
"Bir çox sürücülər avtomobil idarə edərkən aqressiv olur. Söyüş söyür, manevrlər edir və bütün sürücüləri günahkar hesab edirlər. Sürücü digər nəqliyyat vasitəsini yaxından təqib edirsə, yol hərəkəti qaydalarına əməl etməyib, digər sürücülər üçün təhlükə yaradırsa, önündəki avtomobili narahat edəcək şəkildə yol verməsi üçün işıq yandırırsa, demək, sükan arxasında aqressiv sürücüdür. Belə sürücülərlə yolda diqqətli davranmaq lazımdır".
Rüstəmlinin sözlərinə görə, avtomobil qəzalarına bəzən hava şəraiti də səbəb olur. Qar, yağış, yolların buz bağlaması, güclü külək idarəetməni çətinləşdirir. Belə havalar aqressiv sürücülər üçün daha təhlükəlidir. Diqqətli sürməyən sürücülər belə havalarda qəzalara səbəb olurlar.
Mütəxəssisin verdiyi məlumaya görə, ölkədə hər ay qəzalar zamanı minimum 50-80 nəfər dünyasını dəyişir, 100-ə yaxın insan xəsarət alır. Hər il baş verən qəzalarda isə 1000-1200 nəfər dünyasını dəyişir.
Məzahir Rüstəmli hesab edir ki, qəzaların baş vermə səbəblərindən biri də piyada faktorudur. Qəzaların 66 faizi piyada faktoru səbəbindən baş verir. Daha 26 faiz sürücülərin, 2 faiz sərnişinlərin, 5 faiz texniki problemlərin payına düşür, 1 faiz yol problemləri nəticəsində baş verir:
"Qəzaların çox hissəsi piyada məsuliyyətsizliyi səbəbi ilə baş verir. Belə qəzalar zamanı piyadalar ölür və sürücülər məsuliyyətə cəlb edilir. Yol keçən zaman işıqforun işıqlarına riayət etməmək, tələsmək, piyada keçidində qaçmaq və ya ləngimək, yolu keçiddən deyil, yolun ortası ilə keçməyə çalışmaq, avtobusların arxasından avtomobillərin qarşısına qəfil çıxmaq, qulaqcıqdan istifadə edərək, ətraf mühitdən təcrid olunmaq yol qəzası ilə nəticələnir."
Ekspert bildirir ki, təhlükəsizlik kəmərlərindən istifadə etmək qəzalar zamanı ölüm riskini azaldır: "Təhlükəsizlik kəməri istifadə edilmədiyi halda, bədən nəqliyyat vasitəsinin sürətiylə hərəkət etməyə başlayır. Qəza baş verəndə bədən avtomobilə, ön şüşəyə dəyə və ya qəza zamanı zərbənin təsirindən sürücü, sərnişin avtomobildən kənara düşə bilər. Təhlükəsizlik kəməri avtomobil daxilində ölüm riskini 45, ağır yaralanma riskini 50 faiz azaldır. Ölüm və xəsarətlər araşdırılan zaman müəyyən edilib ki, baş-boyun xəsarəti 37 faiz, sinə xəsarəti isə 8 faiz təşkil edir. Yəni sürücü kəmər taxmış olsa, 45 faiz ölümdən qoruna bilər".
Terapevt Nicat Bağırlının sözlərinə görə, avtomobil qəzaları zamanı qəza qaçılmazdır. Hətta avtomobil saatda 30 km sürətlə hərəkət etsə belə, qəza zamanı xəsarətin ağırlığı insanın birinci mərtəbədən yıxılaraq aldığı xəsarətə bərabərdir:
"Avtomobil 90 km sürətlə hərəkət edirsə, qəza zamanı ölüm qaçılmazdır. Belə qəzada xəsarət 10-cu mərtəbədən yıxılmağa bərabərdir. Yəni, belə qəzadan sağ çıxmaq möcüzədir."
Həkim bildirir ki, qəzalar zamanı içki faktoru da böyük əhəmiyyət daşıyır. Belə ki, qandakı spirt miqdarı 0,5 promildən yuxarı qalxdığı zaman qəza riski yaranır: "Spirt miqdarı 1 promil olduğu zaman qəza riski 70 faizə qalxır".
Bağırlı deyir ki, qəza zamanı sürət həddi çox böyük əhəmiyyət kəsb edir. Avtomobil nə qədər sürətlə idarə edilirsə, qəza riski də bir o qədər artmış olur: "İnsanın gözü 200 dərəcəlik sahəni qəbul edə bilir. Avtomobil idarə olunarkən görmə bucağı tərs mütənasib olur. Məsələn, 35 km sürətlə görmə bucağı 100, sürət 130 km olduqda isə bu rəqəm 30 dərəcəyə düşür. Yəni, sürət artdıqca görmə zəifləyir. Bu da qəzaların baş verməsinə səbəb olur".
Həkim bildirir ki, 90 km sürətlə hərəkət edən avtomobillərin qəzası zamanı sağ qalma şansı 5-10 faiz olur. Çünki insan bədənin gücü o qədər güclü zərbəyə davamlı deyil.