Şahpəri Abbasova, Sputnik Azərbaycan
Bakı, 6 noyabr — Sputnik. Balakən rayonunda ilk dəfə "Beynəlxalq xurma festivalı" keçirilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında baş tutub.
Balakən rayon Tarix və Diyarşünaslıq Muzeyinin direktoru Xəlifə Mirəliyevin sözlərinə görə, sözügedən tədbir yerli əhali üçün də əhəmiyyətlidir: "Əvvəllər xurma və xurmadan hazırlanan məhsullar qiyməti yox idi. Min bir dərdin dərmanı olmasına baxmayaraq yerli camaatın xurmaya olan həvəsi ölmüşdü. Tədbir sayəsində nəinki digər rayonlar, həm də xarici ölkələr də bu meyvədən hazırlanan məmulatlarla tanış olacaq. Bu, Balakən camaatı üçün çox yaxşı qazanc mənbəyinə çevriləcək".
Beynəlxalq festivalda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.Festivalda xurmadan hazırlanan kulinariya məhsulları və eksponatlar sərgilənib.Tədbirdə həmçinin yerli sənətkarların əl işləri, yerli folklor nümunələri nümayiş olunub.
Rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara baxıb, kənd təsərrüfatı məhsullarının sərgiləri ilə tanış olublar.
Daha sonra Katex kəndində yeni yaradılan “Balxurma” müəssisəsi ilə tanışlıq olub, festivalın keçirildiyi mədəniyyət və istirahət parkının ərazisində xurma ağacları əkilib. Festivalda respublikanın tanınmış müğənniləri konsert proqramı ilə çıxış edib.
Qeyd edək ki, festival 2 gün davam edib.