CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yüz manat maaşa işləyib şam işığında yaşayan ailə var

Abunə olmaq
Divarsız birotaqlı evdə iki azyaşlı uşağı ilə yaşayan ailənin məşəqqəti - Azərbaycanda

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. Onlar kəndin lap kənarında, köhnə, artıq bir neçə dəfə istifadə olunmuş daş-kəsəkdən tikilən evdə yaşayırlar. Yağış yağanda, hava soyuq olandan çöldəki soyuq evin divarlarına da hopur. Bəlkə elə buna görə də, körpə qızları hər ay xəstələnir. Dediklərinə görə, illərlə işıqsız yaşayıblar. Daha doğrusu, lampa, şam işığında… İnandırıcı görünməyə bilər. İnananlar isə onların haradasa ucqar dağ kəndində yaşadığını düşünə bilərlər. Amma bu ailə Bakıda, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 52 ünvanında yaşayır.

Səməd Musayevin 37 yaşı var. Tovuz rayonunda anadan olub. 2005-ci ildə ailə həyatı quran Səməd, 2007-ci ildə ailəsini də götürüb Bakıya köçüb. Amma Bakı heç də onun xəyallarında yaratdığı şəhər olmayıb, ona qollarını açmayıb. Səmədin həyatının bütün keşməkeşli günləri elə Bakıda keçib: "Çox çətin günlərimiz olub. Fəhləliklə ailəmi saxlamışam. Oğlum 2007, qızım isə 2010-cu ildə dünyaya gəliblər".

© Sputnik / Murad OrujovSəməd Musayev
Səməd Musayev - Sputnik Azərbaycan
Səməd Musayev

Səməd danışdıqca kövrəlir. Deyir ki, uşaqlarını saxlaya bilmək üçün hər işdə işləyib. Pulunu qəpik-qəpik yığıb ki, özünə heç olmasa bir otaq alsın. Alıb da. Amma bu da ona asanlıqla başa gəlməyib.

Dediyinə görə, 2013-cü ildə yaşadığı həyəti alıb. Amma ev tikmək üçün icazə almaq ona baha başa gəlib:

"Torpağı kənd sovetindən almışam, Ağasəlim müəllimdən. Amma ev tikmək istəyəndə, icazə vermədi. Soruşdum ki, əgər ev tikməyə icazə verməyəcəkdinsə, bəs niyə bu torpağı satmısan mənə? Qayıtdı ki, ağlın olaydı, almayaydın. Amma mən dişimlə, dırnağımla balaca bir otaq tikməyi bacardım. Bir gün gəlib evimin bir divarını sökdülər. Qış günü idi, qar yağmışdı, hava çox soyuq idi. Mən həmin yerdən odeyal asdım ki, soyuğun qabağını az da olsa, alım."

Səmədin həyat yoldaşı Səltənətin sözlərinə görə, bu evdə 3 ildən çox işıqsız yaşayıblar. Bu yaxınlarda isə nəhayət ki, evə işıq çəkdirə biliblər:

"Özüm mağazada xadimə işləyirdim. Ayda 100 manat verirdilər. Mən həmin pula şam alırdım ki, uşaqlarım qaranlıqda qalmasın, təhsillərini davam etdirə bilsinlər. İnanın, hətta qardaşım belə gəlib bizdə qalmırdı ki, sizin evdə işıq yoxdur, adamın ürəyi sıxılır. Amma şükür olsun, işıq çəkdirdik. Qonşular yığılıb su çəkdirəndə, bizim evə də çəkdilər. Yoxsa suyu da qonşulardan gətirirdim".

Tamilla Məhərrəmovanın mənzili - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda bir ailə var: başsız, möhtac, gözü yolda...

Səməd Musayev deyir ki, qaz üçün Hövsan qaz idarəsinə dəfələrlə müraciət etsə də, ona bildiriblər ki, qazın çəkilməsi üçün boruları, sayğacı özü almalıdır və bundan əlavə 2000 manat ödəməlidir ki, qaz çəkilsin: "Neçə dəfə getdim, müraciət etdim. Dedilər ki, qazın çəkilməsini istəyirsənsə, ödənişi etməlisən. Mənim isə o ödənişi etməyə gücüm çatmır. Evimin vəziyyəti göz qabağındadır. Bir göz otağım var, qabağını da köhnə taxta-şifer parçaları ilə bağlamışam. Və mən burada iki övlad böyüdürəm. Mən bu uşaqları necə saxlamalıyam? Fəhləlik edib, birtəhər evin çörəyini qazanıram. Amma 2000 manat verib qaz çəkdirməyə gücüm yoxdur".

Balaca Əsmər 118-saylı məktəbin birinci sinfində oxuyur, əlaçıdır. Amma evləri soyuq olduğu üçün tez-tez xəstələnir. Xəstələnəndə isə nə dərsə gedə bilir, nə də həyətdə torpağa cızdığı "dama-dama" oyununu oynaya bilir. Üzünə baxıram. O qədər məsumdur ki… Valideynlərinin yaşadığı sıxıntılı vəziyyəti hələ də başa düşə bilmir.

Anası deyir ki, ev rütubətli olduğu üçün Əsmər tez-tez müalicə alır. Elə ay olmur ki, o, xəstələnməsin.

Musayevlərin ailəsinin bircə istəyi var. O da bir göz otaqlarına qazın çəkilməsi. İstəyirlər ki, qışı isti evdə qarşılasınlar. Amma Hövsan Qaz İdarəsinin 2000 manatlıq ödəniş tələbi onları bu qışı da soyuqda keçirməyə məhkum edəcək.

Sputnik Azərbaycan-a açıqlama verən "Azəriqaz"-ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, vətəndaş "Asan Xidmət" mərkəzlərinə və ya "Asan Kommunal" xidmətlərinə müraciət etməlidir: "Paytaxtda iki yerdə – Akademik Həsən Əliyev küçəsində və Dəmir Yolu Vağzalının inzibati binasında yerləşən "Asan Kommunal" mərkəzləri, regionlarda isə "Asan Xidmət" mərkəzləri yerləşir və vətəndaşların belə problemlərini bu idarələrin işçiləri həll edirlər. Vətəndaş bu sahədə ixtisaslaşmış və müqaviləsi olan podratçı şirkət ilə müqavilə bağlayır".

© Sputnik / Murad OrujovSəmədin ailəsi ilə bərabər yaşadığı ev
Səmədin ailəsi ilə bərabər yaşadığı ev - Sputnik Azərbaycan
Səmədin ailəsi ilə bərabər yaşadığı ev

"Qazlaşdırma işləri "Azəriqaz" yox, podratçı şirkət tərəfindən həyata keçirilir. Şirkət işçiləri tərəfindən məkana baxış keçirilir, hansı qaz mənbəyindən istifadə edilərək mənzilə xətt çəkiləcəyi dəqiqləşdirilir. Vətəndaş şərtlərlə və şirkətin tələb etdiyi vəsaitlə razılaşarsa, şirkət ilə vətəndaş arasında müqavilə imzalanır və qazlaşdırma işləri aparılır" – deyə Kərbəlayev bildirib.

O qeyd edib ki, fərdi yaşayış evlərində qazdan istifadə üçün "BK-G4T" markalı qaz sayğacları birmənalı olaraq "Azəriqaz" İstehsalat Birliyinin vəsaiti hesabına təmin olunur. Yəni vətəndaş sayğac üçün heç bir vəsait ödəməməlidir: "Bu məsələ əvvəldən belədir, yeni qayda deyil. Bunu bütün vətəndaşlar bilməlidir".

Xəbər lenti
0