BAKI, 4 noyabr — Sputnik. Bakıda hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat zamanı öldürülən şəxslərin meyitləri ailələrinə təhvil verilib. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Etibar Məmmədov və İlqar Əzimovun meyitləri müayinə olunduqdan sonra Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən yaxınları tərəfindən götürülüb. "Report"un məlumatına görə, Etibar Məmmədov artıq Hacıqabul şəhərində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
Qeyd edək ki, oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçan, ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən əməliyyat zamanı E. Məmmədov və onun tanışı İlqar Əzimova xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına odlu silahdan atəş açmaqla müqavimət göstəriblər. Əməliyyat qrupu xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanıb və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər.