BAKI, 4 noyabr — Sputnik. Noyabrın 9-dan etibarən hər həftənin cümə axşamı Bakı-Xarkov-Kiyev reysi həyata keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib. O, bildirib ki, avtobus Bakı vaxtı ilə saat 11:00-da yola düşəcək. Biletin bir istiqamətə qiyməti 100.00 manat təşkil edir. Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. Beş yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətə əldə etmək mümkündür.
Qeyd edək ki, biletlərin qiyməti daşımaları həyata keçirən Ukrayna və Azərbaycanın şirkətlərinin və hər iki ölkənin aidiyyəti qurumlarının qarşılıqlı razılığına əsasən müəyyənləşdirilib.
Bakı-Xarkov-Kiyev reysi Rusiya Federasiyasının ərazisindən keçməklə həyata keçiriləcək. Müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar WIFI şəbəkəsi ilə təchiz edilib. Sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.
Sərnişinlər biletləri on gün öncədən kassadan və ya online şəkildə əldə edə bilərlər.