BAKI, 4 noyabr — Sputnik. Türkiyədə geniş müzakirələrə səbəb olmuş "İYİ" partiyasını yaradan Meral Akşener bu hadisədən sonra ilk dəfə müsahibə verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, müsahibəsində bir çox məqamlara toxunan Akşener bildirib ki, Türkiyədə vətəndaş dövlətə, dövlət isə vətəndaşa inanmır: "15 İyul çevriliş cəhdindən sonra ölkədə hüquqla bağlı böyük inamsızlıq yaşanır. Ölkəni qaydalar idarə edir, qaydalar isə hüquqdur. Hüquq insanların haqsızlığa uğramasının qarşısını alır. Bunun aradan qalxdığını düşünən insanlar hara müraciət edəcəklərini bilmədikləri üçün inamsız olurlar".
Akşener həmçinin qeyd edib ki, ən böyük fərqliliyi səhvlərindən dərs çıxarmağıdır. Bu günə qədər dəfələrlə səhvlərə yol verdiyini dilə gətirən partiya sədri heç bir zaman eyni səhvi təkrarlamadığını da dilə gətirib.
Qeyd edək ki, partiyanın proqramında FETO ilə mübarizə də var. Akşener müsahibəsində bildirib ki, Türkiyə Prezidenti Ərdoğan bu mövzuda səmimidir: "17-25 dekabrdan bu günə qədər əzab çəkdiyinə inanıram. Ancaq elə bir dövrdəyik ki, kimin əli kimin cibindədir, bilmək olmur. Səmimiyyətlə mübarizə aparmaq istəyinə inanıram. Ancaq belə bir vəziyyət var. Əgər siz FETO-çuluğa dair ortaya bir meyar qoymamısınızsa, yəni sənin FETOçun qaçıb, mənim FETO-çum həbs edilərsə, bu ədalət prinsipini pozar".
Akşener bildirib ki, onun nəslində belə FETO-çu yoxdur.
Partiya sədri haqqında yayılan "kasset" iddialarına da açıqlama gətirib. O, bildirib ki, həyatı mübarizə ilə keçsə də, bu yaşına qədər qadınlığı barəsində danışan olmayıb: "61 yaşım var. Nənəyəm və 35 yaşlı bir oğlum var. Mən 2012-ci ildə çox sıxıntılar yaşamışam, amma partiya yaratmağı düşünmürdüm. 7 iyunda məlum hadisə baş verdi. Sonra ciddi bir mübarizə dönəmi yaşadım. Hörmətli preizdent zəng elədi. 35 dəqiqəlik söhbət zamanı mənə bildirdi ki, bir daha belə hadisə baş verməyəcək".