BAKI, 3 noyabr — Sputnik. Noyabrın 3-ə keçən gecə, İstanbul polisi, məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Lotu Quli"yə sui-qəsd olacağına dair Türkiyə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Bununla bağlı keçirilən əməliyyat nəticəsində, Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət qrup zərərsizləşdirilib. Onlar İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM" ticarət mərkəzində saxlanılıblar.
Azərbaycan mətbuatında yer alan iddialara görə, həmin dəstəyə, ötən il qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib. Qrupa aşağıdakı şəxslərin daxil olduqları deyilir: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdürrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.
Qeyd edək ki, Azərbaycanda 20 il həbs cəzası çəkən Nadir Səlifov, ötən günlərdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. O, azadlığa çıxdıqdan sonra İstanbula gedib.