BAKI, 2 noyabr — Sputnik. Bakı-Astara-Bakı qatarından qaçan, sonradan atışma nəticəsində öldürülən kriminal avtoritet, "Qoca" ləqəbli Etibar Məmmədovun Kürdəxanı həbsxanasında olarkən çəkilmiş görüntüləri yayılıb. Sputnik Azərbaycan Unikal.org-a istinadla xəbər verir ki, videogörüntüdə Etibar Məmmədovun yanına gələn şəxslər onun həbsxana həyatı ilə maraqlanır və gələcək günlər üçün planları barədə danışırlar.
E. Məmmədovun yanına gələn şəxslərdən biri icbari həbsdə olduğunu deyir. O, həbs olunmaması üçün pul verdiyini də açıqlayır.
Daha sonra "Qoca" adını çəkmədiyi insanı məhkəməyə gətirməsini tələb edir: "Çalış, onu gətir. De ki, Qoca səni məhkəmədə görmək istəyir".
Etibar Məmmədovun yanına gələn şəxs Sulutəpə uşaqlarının ona salam göndərdiyini deyir.