BAKI, 2 noyabr — Sputnik. Cinayət Məcəlləsinin 49-cu maddəsinə (İslah işləri) yeni cəza növü — azadlığın məhdudlaşdırılması əlavə edilib. Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, 49.3-cü maddənin birinci cümləsində "hissəsini" sözündən sonra "azadlığın məhdudlaşdırılması və ya" sözləri əlavə edilib.
Təklif olunan mətndə deyilir ki, islah işlərinə məhkum olunmuş şəxs, həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər.
Mövcud mətndə isə deyilir ki, islah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər.
Digər dəyişikliyə görə, 49.3-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilib: "Bu zaman məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır".
Mövcud variantda isə deyilir ki, bu zaman müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən edilərkən məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.
Digər bir dəyişikliklə aşağıdakı məzmunda 49.4-cü maddə əlavə edilib: "İslah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin edilmir".
Qeyd edək ki, dəyişiklik oktyabrın 20-də parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.