İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 2 noyabr — Sputnik. "Bildiyiniz kimi, "İnsan alverinə qarşı mübarizə haqqında" qanun 2005-ci ildə imzalanıb. Həmin qanunda müasir dövrün gündəmində olan İŞİD problemi yer almayıb. Çünki həmin dövrdə bu problem yox idi".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova deyib. O, qeyd edib ki, ailəliklə İŞİD-ə qoşulan şəxslərin həyat yoldaşları, uşaqları, ailə başçısı öləndən sonra insan alverinin qurbanına çevrilirlər.
"Onlar ya əməyin istismarına, ya da cinsi istismara məruz qalırlar. Orada qadınlar döyüş qardaşlarına satılır. Bu qadınlar əri ilə gedəndə bilmir ki, başına nə gələcək" — Balabəyova bildirib.
"Çoxu deyir ki, bu qadınlar hara getdiklərini yaxşı bilirlər. Yox, bu, belə deyil, bu qadınlar da bilmədən gedirlər, aldanırlar. Həyat yoldaşı ya özünə bomba bağlayıb ölür, ya da döyüşdə ölür. Qadın ortada tək-tənha qalır" — o, əlavə edib.
Müsahibimizin sözlərinə görə, qadınlar yaşına, dərisinin rənginə, bədənində olan xəsarətlərə görə qiymətləndirilərək, satılır: "Bu, indiki dövrün bəlasıdır. Problem ondadır ki, İŞİD-ə qoşulanlar ölkədən təkcə özləri getmir, uşaqlarını da aparırlar. Qızlar cinsi istismara məruz qalır, oğlanlar isə döyüşçüyə çevrilir".
N. Balabəyova bildirir ki, son 9 ayda insan alveri statusu almış insanların içində olmasa da, potensial insan alveri qurbanları arasında, həyat yoldaşı İŞİD-ə qoşulanlar olub: "Qadın ərinin hara getdiyindən xəbər tutub getməyib. Amma eləsi də var ki, həyat yoldaşı ilə gedib, sonra hara getdiyini bilib, ailəsi ilə əlaqə saxlayıb. Ancaq sonradan o qızdan xəbər olmayıb".