BAKI, 1 noyabr — Sputnik. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış namizədlik sənədi YUNESKO Katibliyinə təqdim edilib və AR Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və YUNESKO yanındakı Daimi Nümayəndəliyinin birgə səyləri nəticəsində Şəki şəhəri YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə “sənətkarlıq və xalq yaradıcılığı” tematikası üzrə daxil edilib.
YUNESKO-nun Baş Direktoru İrina Bokovanın qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına 44 ölkədən 64 şəhər daxil edilib. Bu şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru kimi göstərir. Şəbəkə yerli kollektivlərdə böyük maraq yaradır və yeni siyahı ilə şəhərlərin tipologiyasının və coğrafi balansının müxtəlifliyini əks etdirir.
Qeyd edək ki, 2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Hazırda şəbəkənin 72 ölkədə 180 şəhəri var.