Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 1 noyabr — Sputnik. "Daxili İşlər Nazirliyinin (DİN — red.) mətbuat xidmətinin regional qurumlarının fəaliyyətə başlaması işin xeyrinə olacaq. İlk olaraq operativlik, dəqiqlik təmin ediləcək, regionda insanların informasiya alması asanlaşacaq".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında media məsələləri üzrə ekspert Azər Həsrət deyib. Onun sözlərin görə, rayonlar üzrə təyinatlar uyğun olmazdı, çünki Azərbaycan kiçik ölkədir: "Amma regional bölmənin olması işin xeyrinədir. Ümumiyyətlə, mərkəzdəki struktur bütün ölkə üzrə işləri aparmaqda çətinlik çəkir. Bunun üçün həm əlavə insan ehtiyatları, həm də kommunikasiya lazımdır".
"Kommunikasiya elə qurulmalıdır ki, baş verən hadisələri və yaxud informasiyaları yerindəcə dəqiqləşdirmək, mətbuata, müvafiq qurumlara ötürmək mümkün olsun. Vahid mərkəzi struktur olanda hər kəs mütləq mərkəzə müraciət etmək məcburiyyətində qalır. Amma regional struktur vahidləri olanda insanlar daha yaxında olan quruma müraciət etmək imkanı əldə edəcəklər" — Həsrət bildirib.
Ekspertin sözlərinə görə, bir neçə il bundan qabaq Təhsil Nazirliyi, təhsil sahəsində bütün xəbərlərin nazirlikdən süzülüb keçməsinin mümkünsüzlüyü ilə bağlı tənqid edilib: "Niyə yerlərdəki qurumlar xəbərlərini özləri yaymasın? DİN-in bu təşəbbüsü digər qurumlar üçün yaxşı bir örnək təşkil edə bilər. Təhsil, səhiyyə və digər nazirliklərin regionlarda informasiya xidməti göstərən struktur vahidlərinin olması işin xeyrinə olar. Bu, insanların birbaşa mərkəzə müraciət etmədən özlərinə daha yaxın olan coğrafiyadan xəbərləri, informasiyaları əldə edə biləcəkləri baxımından müsbətdir".
"Burada insan faktoru da var. Elə dövlət qurumları var ki, onların informasiya xidmətləri fəaliyyət göstərir, amma jurnalistlər belə, həmin xidmətlərdən yararlana bilmirlər. Çünki orada oturan kadrlar yaxşı işləmirlər" – deyə o, qeyd edib.
Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, bir tərəfdən informasiyanın daha geniş kütləyə yayılması baxımından müsbətdir, digər tərəfdən yeni işçilərin işə götürülməsi, yeni ştatların açılması baxımından əlavə yükdür: "İnformasiya və kommunikasiya sistemi kifayət qədər inkişaf edib. Dövlət qurumlarının bununla bağlı öhdəlikləri də var. Bütün regionlardan internetə giriş mövcuddur. İnternet resursunu aktiv saxlasalar, oraya normal sistemi yeniləyən adamlar yerləşdirsələr informasiya təminatı tam olunacaq".
"Bunun üçün əlavə mətbuat xidmətləri yaratmaq yox, internet resursunu mərkəzləşmiş qaydada yeniləyən sistemi inkişaf etdirmək lazımdır. O zaman vətəndaşların, cəmiyyətin sürətlə informasiya alması kimi problemləri avtomatik həll olunacaq" — Məmmədli vurğulayıb.
Ekspertin fikrincə, beynəlxalq təcrübədə, əsasən elektron sistemə keçildiyi üçün qurumlar informasiyanı dərhal, ehtiyac olan zaman yayır: "Məsələn, radara düşən zaman SMS gəlir. Deməli, dövlətə lazım olanda SMS ilə dərhal xəbəri çatdıra bilir. Əslində, mərkəzləmiş sistem də budur. Əgər insan həyatı üçün vacibdirsə, dərhal SMS xidmətindən istifadə edə bilərlər. Bu, mümkündür. Çünki hər kəsin indentifikasiya olunmuş nömrələri var. Yəni, sistem işləməlidir".
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin regional qurumlarının əməkdaşları fəaliyyətə başlayıb. Daxili işlər naziri Ramil Usubov ölkəmizin 6 bölgəsində — Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə şəhər və rayonlarında Mətbuat Xidmətinə bilavasitə tabe olan regional qruplar yaradıb. Məqsəd cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində ərazi polis orqanları tərəfindən həyata keçirilən tədbirlərin nəticələri, cinayətlər barədə KİV nümayəndələrini və ictimaiyyəti daha ətraflı və operativ şəkildə məlumatlandırmaq, polis-media münasibətlərini daha da yaxınlaşdırmaqdır.
Bununla əlaqədar, Daxili İşlər Nazirliyi kütləvi informasiya vasitələrində xidmətə qəbulla əlaqədar müsabiqənin keçirilməsi barədə elanlar verib. Şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən qəbul zamanı dövlət ali təhsil müəssisələrini jurnalist ixtisası üzrə bitirmiş, media qurumlarında işləmək təcrübəsi olan, yaşı 30-dan yuxarı olmayan və həqiqi hərbi xidmət müddətini başa vurmuş şəxslərə üstünlük verilib. Seçimin sonunda iştirakçılar arasından daha hazırlıqlı olan 6 nəfər "polis leytenantı" xüsusi rütbələri verilməklə həmin vəzifələrə təyin olunub.