Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 31 oktyabr — Sputnik. Bu gün Qax rayonunda ənənəvi bal və milli mətbəx bayramı qeyd edilib. Festivalda yerli kulinarlarla yanaşı Zaqatala, Şəki, Oğuz rayonlarının təmsilçiləri iştirak ediblər. Sözügedən mərasimdə milli mətbəxlə yanaşı həmin bölgələrin sənətkarlarının əl işləri də nümayiş olunub.
Şəki Regional Mədəniyyət Turizm idarəsinin rəisi Mirvari Zeynalovanın sözlərinə görə, bu tədbir Şəki Regional Mədəniyyət Turizm idarəsinin bölgələr üzrə keçirdiyi ikinci tədbirdir: "Bundan əvvəl Oğuz rayonunda "Şəfa" bayramını qeyd etdik. Noyabr ayında isə Zaqatalada növbəti "Fındıq bayramı"nın keçirilməsi nəzərdə tutulur".
Qeyd edək ki, Qax rayonu 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Milli mətbəx paytaxtı" kimi elan olunub.